2022-ci ildə Laçında itkin düşmüş 2 hərbçinin qalıqları aşkarlanıb- Üç qurum məlumat yayıb
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində iyulun 3-də Kəlbəcər rayonunun İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində Azərbaycan Ordusunun iki hərbçisinə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb.
Bu barədə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının daxil olmuş birgə məlumatında bildirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik Araşdırmalar Mərkəzində həyata keçirilmiş ekspertizalar nəticəsində qalıqların 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun əsgərləri – 23.05.2003-cü il təvəllüdlü Məmmədov Fərid Əjdər oğlu və 09.02.2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğluna aid olduğu müəyyən edilib.
Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilmişdir ki, həmin əsgərlər 2022-ci il martın 3-də Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşmüşlər, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.
Əsgərlərin nəşlərinin tapılması 2024-cü il avqustun 5-də Dövlət Komissiyasında keçirilmiş görüşdə itkin hərbçilərin ailələrinə elan edilib.
Hazırda aidiyyəti dövlət qurumları ilə birlikdə əsgər Fərid Məmmədov və əsgər Firdovsi Abdullayevin dəfni ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Dəfn mərasimlərinin vaxtı və yeri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 6-08-2024, 16:58