“Sədərək” bağlandı, sahibkarlar yer pulundan azad olundu
Koronavirusla bağlı paytaxtda fəaliyyət göstərən iri ticarət mərkəzləri ("Mall”lar) fəaliyyətini bir ay müddətinə dayandırır. "Sədərək” Ticarət Mərkəzinin İdarə Heyətində isə koronavirusla bağlı müşavirə keçirilib.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Oxu.Az-a Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov məlumat verib.
Onun sözlərinə görə, mövcud vəziyyətlə əlaqədar vətəndaşlara kömək məqsədilə mərkəzdə işləyən bütün sahibkarların yer pulundan azad olunması barədə qərar qəbul edilib:
"İdarə heyətinin sədri Yusif Qədimovun tapşırığı ilə martın 15-dən başlayaraq bütün sahibkarlar yerpulundan azad ediliblər. İdarə Heyətinin qərarına əsasən, "Sədərək” Ticarət Mərkəzində işləyən sahibkarlar istənilən vaxt mağazalarını bağlaya və məzuniyyət götürə bilərlər.
Ölkədə koronavirus təhlükəsi davam etdiyi müddətcə heç bir sahibkardan yer pulu alınmayacaq. Bazar fəaliyyətini davam etdirsə də, bu, dəyişməyəcək. Bundan başqa, "Sədərək” Ticarət Mərkəzi də mövcud vəziyyətlə mübarizə üçün yaradılmış Koronavirusla Mübarizə Fonduna ilkin olaraq 100 min manat yardım köçürüb”.
M. Qədimov onu da əlavə edib ki, mərkəz ərazisində də koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər görülür, bazar ərazisi mütəmadi olaraq dezinfeksiya olunur.
MANŞET / MARAQLI / SON XƏBƏR / BANNER
Tarix: 23-03-2020, 12:55