Bütün karantin qadağaları qayıdır - ticarət mərkəzləri, restoranlar, bərbərxanalar bağlanır
İyunun 21-dən Bakı, Abşeron, Sumqayıt, Cəlilabad, Masallı, Yevlax şəhərlərində iki həftəlik ciddi karantin rejimi tətbiq olunacaq
Ölkədəki epidemioloji vəziyyət təhlil olunub və xüsusi karantin rejiminin iyulun 5-dək uzadılmasına qərar verilib. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi, Operativ Qərargahın üzvü Leyla Abdullayeva Operativ Qərargahın iyunun 18-də keçirilən brifinqində deyib.
“21 iyundan 5 iyuladək ölkə ərazisində ciddi karantin rejiminin tətbiq olunması qərara alınıb. Bakı, Abşeron, Sumqayıt, Cəlilabad, Masallı, Yevlax şəhərlərində ciddi karantin rejimi tətbiq olunacaq”.
O bildirib ki, SMS icazə sistemi yenidən bərpa olunacaq:
“Ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə müəssisələrində müştərilərə yenidən xidmətlər dayandırılacaq. Eyni zamanda bərbərxanalar, gözəllik salonları fəaliyyətini dayandıracaq. Açıq havada idman oyunları dayandırılır”.
Leyla Abdullayeva əlavə edib ki, idman zallarının fəaliyyətinin bərpası, teatrların, dini ritual mərasimləri, qapalı məkanlarda yas xidmətlərinin təşkili ilə bağlı qadağalar qüvvədədir: “Eyni zamanda 65 yaşdan yuxarı yaşlı şəxslərə zəruri olmadığı halda evdən çıxmamağı tövsiyə edirik”.
O qeyd edib ki, metropoliten bu müddət ərzində fəaliyyətini davam etdirəcək.
“Epidemioloji statistik göstəricilər qənaətbəxş deyil. Aparılan təhlillər onu göstərir ki, ölkəmizdə xəstəliyin yayılma sürəti yüksəkdir”. Bunu isə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib: “Bu səbəblə bir sıra şəhər və rayonlarımızda ciddi karantin rejiminin təkrar tətbiq olunması barədə qərar qəbul olunub. Bu rejimi biz aprel ayında tətbiq etmişdik. Bu müddətdə insanların zəruri olmadığı hallarda evlərini tərk etməmələrini tövsiyə edirik”.
O bildirib ki, alınan qərarlar statistik təhlillərin nəticələrinə əsasən qəbul olunub: “Operativ Qərargah və qərargahın tibbi heyəti sadəcə administrativ heyətdən ibarət deyil. Qərargah ilk yaradılan gündən burada xaricdə təhsil almış yüksək ixtisaslı mütəxəssislər, tibb işçiləri yer alır. Eyni zamanda tibbi mütəxəssislərin yetişdirilməsi üçün işçi qrupları yaradılıb”. O bildirib ki, REACT C-19 layihəsi çərçivəsində xaricdə təhsil alan 19 həkim 3 ay ölkəmizdə fəaliyyət göstərib: “Ölkəmizdə tətbiq olunan qərarlar dünya ölkələrində müsbət qiymətləndirilib və 50 ölkə ilə aparılan videokonfranslarda bir sıra qərarlar qəbul olunub”.
Ramin Bayramlı deyib ki, Azərbaycanda koronavirusla əlaqədar icra olunan testlərin sayı 400 mindən çoxdur.
O bildirib ki, hazırda 5 000-ə nəfərə yaxın aktiv xəstə var: “157 nəfər reanimasiya şöbəsində müalicə alır, 30 nəfər süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir”.
“Hazırkı göstəricilərə görə, yeni məhdudiyyətlərin tətbiqi zəruridir. Dünya ölkələrində də koronavirusla mübarizədə yoluxma halları artıb. Azərbaycanda da bu vəziyyət müsbət qiymətləndirilmir”, - o deyib.
TƏBİB sədri bildirib ki, küçəyə çıxma qadağasının tətbiqi düşünülmüş şəkildə atılan addım idi: “Bu, xarici ölkələrin təcrübəsinə əsasən qəbul olunan qərar idi. Bu məhdudiyyətlərin tətbiqinin effektinin görünməsi üçün iki həftə lazımdır”.
Ramin Bayramlı
Ramin Bayramlı qeyd edib ki, hazırda tətbiq olunacaq karantin rejimi aprel ayında tətbiq olunan məhdudiyyətlərlə eynilik təşkil edir: “Aprel ayında kifayət qədər təcrübə yox idi. Xəstəxanaların çarpayı fondunun 15 faizi reanimasiya xəstələri üçün nəzərdə tutulur”. Ramin Bayramlı deyib ki, model tipli xəstəxanalarımız və hazırda 6000-ə yaxın çarpayı fondumuz var.
“Lakin hazırda aktiv xəstə sayı 5000-nə yaxınlaşır. Sağalanlarla müqayisədə yoluxma halları üstünlük təşkil edir. Bu isə tibb müəssisələrimizin üzərinə böyük yük düşməsi deməkdir”, - deyə, o bildirib.
O bildirib ki, təcili yardım xidməti üçün 41 avtomobil verilib və yaxın müddətdə 30 təcili yardım maşını təhvil veriləcək. O qeyd edib ki, bir sıra ölkələrdə vəfat edənlərin sayı bizim ölkələrdə yoluxanların sayına bərabərdir: “Bu gün yoluxanların sayı ilə müqayisə etsək, ölkəmizdə 2%-dək ölüm halları müşahidə edilir. Bu düzgün verilmiş qərarın göstəricisidir. Ölkə başçısı da bildirib ki, bizim üçün əsas vətəndaşların sağlamlığının qorunmasıdır”.
O bildirib ki, Almaniya, Berlin, İtaliya ölkələrində epidemiyanın artması sərt karantin qaydalarının verilməsinə zərurət yaradır: “Çində yenidən yoluxma halları hərbi rejimin tətbiq olunmasına zərurət yaradıb. Türkiyədə hətta açıq havada belə maskadan istifadə məcburi qərar kimi qüvvəyə minib. Lakin biz bu qərarları qəbul etməklə xəstəliyin dalğavari gedişatda davam etməsini təmin edə bilirik. Amma xəstəliyin qarşısının alınması karantin rejimi ilə mümkün deyil. Bu, yalnız vaksin və ya dərman müalicəsinin tətbiqi ilə mümkün ola bilər. Lakin hələ heç bir dövlətdə vaksinlərin tətbiqi effektli nəticə verməyib”.
O bildirib ki, tapılacaq vaksinin effekti 6 ay ola bilər: “Çox az da olsa ümid var ki, virus mutasiyaya uğrayaraq aramızdan yox olsun. Bu gün bütün dünya ölkələrinin yaşadığı həyəcanı, rəsmi olaraq bəyan etmədiyi vəziyyəti bilərək sizinlə danışırıq. Təhlükə çox ciddidir. Əks təqdirdə, yoluxma halları yüksələn xətlə davam edəcək və vətəndaşlarımızı çox sürətlə itirəcəyik”.
Qeyd edək ki, iyunun 18-də Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 19-06-2020, 09:47