mobil versiya

Yaponiyanın məşhur KONBİNİ mağazaları haqqında nə bilirik?




Yaponiyanın məşhur KONBİNİ mağazaları haqqında eşitmisiniz?
Yaponiyanın Azərbaycandakı səfirliyi bu barədə məlumat paylaşıb.
Gündəlik həyatda lazım ola biləcək, ən vacib qida və qeyri-qida məhsullarının satışı olan, 24 saat fəaliyyət göstərən və demək olar ki, hər yaşayış məntəqəsinin yaxınlığında tapıla bilən “rahatlıq” və “əlçatanlıq” konseptində olan kiçik mağazalardır.
Burada təkcə qida və qeyri-qida məhsullarınının satışı deyil, vay-fay internet bağlantısından istifadə, ayaq yolunda istifadə, printer və skaner xidmətləri, müxtəlif biletlərin rezervasiyası və alınması, bağlamaların göndərilməsi, kommunal xərclərin ödənməsi, ATM-lər və digər vacib xidmətlər də təklif  olunur. 
Bu gün yapon konbini mağazalarında ən çox tapılan 5 qidanı təqdim etmək istərdik: 

1) Onigiri- Üçbucaq formasında düyü və içərisində dadlı içlik olan kiçik bir yemək.  Ən məşhur onigiri növləri tuna balığı və mayonez, hisə verilmiş qızıl balıq, ume gavalısı içliyi ilə olanlardır. 
2) Yumurtalı sendviç- Yaponca qısa olaraq “tamago sando” (“tamago”= yumurta; “sando”= sendviç sözünün qısaldılmış versiyası) adlanan bu sendviç öz dadı ilə bütün Yaponiyada məşhurdur. Çox sadə tərkibi olsa da, dadı damaqda qalan gözəl bir sendviçdir. Yaponiyada olarsanız, mütləq dadmağınızı tövsiyə edirik.

3) Oden- Daha çox qış fəslində olan xüsusi yeməkdir. Müxtəlif tərəvəzlər, balıq, tofu, sosis kimi inqredientlərin dadlı daşi sousunda bişirildiyi isti yeməkdir. Qışın soyuq aylarında qızınmaq üçün məhz bu cür isti və tez hazırlanan yemək məsləhətlidir. 
4) Nikuman- Buxarda hazırlanmış və içərisi ət və ya tərəvəz içliyi ilə olan xəngələbənzər isti kökə. Klassik nikuman donuz əti və tərəvəz içliyi ilə olur, lakin müasir zamanda pizza dadlı və şirin kartof içlikli isti kökələr də populyarlıq qazanmışdır. Əsasən qış aylarında olur.

5) Kofe-Yaponlar gündəlik həyatda çox kofe içirlər. Konbini mağazaları ucuz qiymətə keyfiyyətli kofe təqdim etməklə yaponların sevimli  yerinə çevrilmişdir. Kofe maşınlarında dadlı kofelər almaq olur və hətta bəzi konbinilərdə kofe dənələrini yerindəcə üyüdüb hazırlamaq mümkün olan aparatlar da mövcuddur.

MARAQLI / KARUSEL
Tarix: 20-08-2024, 10:37