mobil versiya

Vüqar Səfərlinin həbs müddəti artırıldı




Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərli və “Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

“Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan müddəti daha 3 ay artırılıb.

Qeyd edək ki, V.Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə həbs edilib.

İttihama görə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib.
SON XƏBƏR / KARUSEL
Tarix: 16-05-2021, 11:30