Rzabala dayı
6 avqust 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu və Rzabala dayı işsiz qaldı. Onda 3-cü kursa keçmişdim. Bir çox tələbə yoldaşlarım kimi dərsdən sonra qəzetdə işləyirdim. Rzabala dayını da elə oradan tanıyırdım. O, senzor idi. Qəzet çıxan günlər gecəyə yaxın redaksiyaya gələrdi. Hazır səhifələri gözdən keçirəndən sonra möhürləyib tez tələsərdi “Gənclik” tərəfə. Deyəsən Balaxanıda yaşayırdı. Deyirdi, qonşum gecə “Gənclik”dən keçir. Çata bilsəm, elə onun maşınına minib gedirəm.
Rzabala dayının mən görəndə olardı 63-65 yaşı.
Qalın şüşəli eynəyinin arxasından baxan kiçik göy gözləri, bəzi yerləri sarımtıla çalan ağ saçları, kürən, çilli sifəti vardı.
Ona qədər elə bilirdim ki, bütün senzorların uzun, iti qayçısı olur. Uyğun görünməyən məqalələri bu qayçı ilə kəsib tökürlər. Amma Rzabala dayıda qayçı zad yox idi. Yeganə silahı möhürü idi. Səhifələri ard-arda möhürləyib, qolunu çəkib, düşəndə beşdən-üçdən alıb çıxıb gedirdi.
Bizdə balans mümkün qədər qorunduğundan, adətən, senzuralıq yazı olmurdu. Bəzi materialları oxuyanda əsəbiliklə dodaqaltı mızıldansa da, onun səhifədən cəmi bircə dəfə yazı çıxardığını xatırlayıram. O da ölkədə senzuranın tezliklə ləğv ediləcəyi barədə xəbər idi. Xəbəri oxuyanda səhifəni hirslə masaya çırpıb bıçaqla düşmən yortan kimi mətnin üstündən çalın-çapraz xətt çəkmişdi.
Hərdən onu bir uşaq marağı ilə söhbətə tuturdum. Jurnalistika fakültəsini bitirəndən sonra nə vaxtsa korrektor işləmişdi. Sonra da keçmişdi senzura sahəsinə. Ömrünün çox hissəsini bu işə sərf eləmişdi. Dediyinə görə, yetkin övladları olsa da ailədə işləyən təkcə özü idi. Ona görə də senzuranın qalıb-qalmaması onun üçün Hamletin məşhur sualına çox bənzəyirdi.
Ümumən, pis kişi sayılmazdı. Əməkdaşların ad günləri olanda redaksiyada keçirilən məclislərin xəbərini elə bil uzaqdan duyub özünü yetirirdi. İki-üç qədəh araqdan vurub, Allah verəndən yeyib-içib, səbəbkarın ünvanına sağlığını deyib, köhnə kişilərə xas maraqlı tərzdə rəqsini edəndən sonra çıxıb gedərdi.
Bir dəfə kolanı ayran stəkanında içməsi epizodunu da dumanlı şəkildə xatırlayıram. Onda kola içkisi stəkandakı ayranla qarışıb çox qəribə bir rəng almışdı. Və indi düşünürəm ki, o qarışıq maye Rzabala dayı kimi ömrünü müxtəlif qarmaqarışıq dövrlərdə yaşamış insanların laübalı taleyinə çox bənzəyirdi.
1998-ci ilin 6 avqust günü ölkədə senzura ləğv olundu. Çoxları sevindi. Rzabala dayı isə işsiz qaldı. Redaksiyaya növbəti gəlişində onu qəhərdən boğulan gördüm. Deyirdi, nəvəm məndən tez-tez banan istəyir, indi işsiz-gücsüz adam, necə alacam?! Korrektor işi axtarırdı. Amma hər gün, gözündəki qalın şüşəli eynəklə, o qədər materialı hərf-hərf korrektə edəcək yaşda da deyildi, artıq.
Arada yenə redaksiyada görünərdi. Qəzetlərin köhnə nömrələrini bir küncdə qarşısına qoyub oxuyardı. Hərdən xoşuna gəlməyən yazılar olanda yenə hirslə mızıldanardı. Və çıxıb gedərdi.
Ondan sonra daha Rzabala dayını görmədim.
Yalnız bir dəfə kimdənsə eşitdim ki, küçə-küçə dolaşıb əlində qəzet satır.
İndi bilmirəm, yaşayırmı, yoxsa vəfat edibmi. Amma çox qəribədir ki, Milli Mətbuatımızın 145-ci ildönümü günü elə hey Rzabala dayı haqqında yazmaq istəyirdim.
Vaxtım olmadı, indi yaza bildim.
Bu 145 illik tarixdən hansısa şəkildə keçən bütün dünyadan köçmüşlərə Allahdan rəhmət, qalanlara cansağlığı.
SON XƏBƏR / YAZARLAR
Tarix: 26-07-2020, 10:00