mobil versiya

Azərbaycanda koronavirusun olmayacağı şəhər…



Güclü külək az-az  əsərdi-elə bilərdim ki, həyətimizdə ağaclar  olmasa, külək də olmaz, küləyi yaradan ağaclarmış…Bakının küləyindən xəbərsiz bir uşaqlıq…
***
«Okeanlar əriyir, dünyanı su basacaq» deyərdilər.
Möhkəm yağış yağardı, çox möhkəm. Evimizin qarşısından elə sel gedərdi ki…Yağış kəsərdi, o su elə tez axıb gedərdi ki, elə bil heç yağmamışdı. Demək, bu şəhəri su basmayacaqdı heç zaman…Dağın başında daşqınmı olardı?
***
Uzaq-uzaq ellərdə zəlzələ olduğu xəbərlərin öyrənərdik televizorda. Dağılmış evlər, uşaqların göz yaşları…Bu şəhərdə heç zəlzələ olarmı? Kitabda  Şamaxının zəlzələdə batdığını  oxumuşduq, bizim şəhərin adı yox… Qorxmazdıq:bu boyda qayaları heç  10 ballıq  zəlzələ də  tərpədə bilməzdi…
***
Adamların  maşın qəzalarında öldükləri xəbərlərini alardıq. Ürəyimizə qorxu düşərdi: bizim  atamız, qohumlarımız ölə bilərmi qəzada? Yox, ölməzdi. Bu şəhərdə möhkəm maşın sürməyə küçəmi vardı? O küçələri bizdən yaxşı bilənmi vardı…
***
«Ağacına bayquş qonan evdə  ölən olur»deyərdilər bizdən böyük uşaqlar.   Həyətimizdəki ağacları səbəbsiz daşlar, salbalayardıq. Bayquş varsa, uçsun deyə... Bizə ölüm o qədər uzaq idi ki…
***
Bir pis hadisədən danışanda anamız «Evdən  min ağac uzaq» deyərdi. Min ağac? Yenə fikir bizi  götürərdi. Birdən min ağacdan sonrakı  min birinci ev   yaxın adamımızın evi olardı? Olmazdı. Ağacı  üzü şəhərdən çıxışa tərəf   yoldan sayarıq, min birinci ev ermənilərə düşər o zaman.  Cəhənnəmi ki, onlar ölsünlər də…
***
«Uzun gecə»filminə oğurluq gedərdik, yaşımız düşmürdü axı…Pərviz xəstələnib öldü filmdə  yadınızdamı? Xəstəliyi nəydi? Öskürürdü. Sonra? Sevirdi. Qızdırmalı bir sevgi. Film bitdi, acısı qaldı, həm də günlərlə… Nəyi seçək? Xəstəlik, yoxsa sevgi? Xəstəlik canımıza qorxu salardı, öskürəkdən qorxduq o filmdən sonra. Sevgisini seçdik. Xəstəlik burda adamı tutmazdı, sevgisi öldürsə, öldürər…
***
Bir tanışımız  vardı, qızının bronxları problemli idi. «Bütün  SSRİ-ni gəzdirmişdilər»- yadındazdamı, əlacsız xəstələr üçün belə deyərdilər o vaxt… Bir yay bizim şəhərə gəldilər. Qızını qoyub getdi, bir az da ümidsiz. Kimsə deyibmiş ki, onun dərmanı o şəhərin havasındadır. Qızın sinəsi xırıldayırdı gələndə. Bizim  qızımız oldu 3 ay. Gündən-günə  yaxşılaşdı, dirçəldi, sağaldı. Onlar üçün möcüzə idi bu, bizim üçün isə…Hava bütün ciyərlərə gedirdi, bütün nöqtələrə…O vaxtdan sonra o nəfəsi ala bilmədim…
***
QİÇS haqda ilk xəbərlər çıxanda artıq böyümüşdük bir az. Sovet qəzetləri Qərbdə yayılmış bu xəstəlik haqda təbliğat üçün istifadə edirdi. Biz yenə narahat olardıq, nədir bu xəstəlik? Sovet doktorları deyərdi  ki, guya hətta  əllə salamlaşma ilə də keçir. Qərb beləcə qırılacaqdı xəstəlikdən    demək…

Böyümüşdük, amma yenə də fikirləşirdik ki, bu yeni xəstəlik  nədirsə, sərhədləri aşıb, bizim şəhərə heç vaxt gəlib çata bilməyəcək!
***

Əminəm ki, indi də o şəhərdə bu dünyanı sarsıdan xəstəlikdən  də  yoxdir. O hava özü ağ ciyərin dərmanıdırsa, necə orda xəstəlik  olardı ki…
***

Çox uzaqlarda, çox yaxındadır  o şəhər… Koronavirus nə gəzir orada…

Nazim SABİROĞLU, ile ilgili görsel sonucu

Nazim Sabiroğlu



SON XƏBƏR / BANNER / KARUSEL / YAZARLAR
Tarix: 14-03-2020, 00:40