mobil versiya

Dövlət başçısı: “Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı”



“Naftalan şəhərini müasir kurort mərkəzinə çevirmək cəhdlərimiz hesab edirəm ki, çox uğurludur”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

“Mən Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı. Çünki gördüm ki, demək olar ki, şəhər dağılmış vəziyyətdədir. İnfrastruktur yox, işıq yox, qaz yox, su yox, yollar bərbad, Sovet vaxtında tikilmiş sanatoriyalar dağılıb və şəhərdə minlərlə köçkün məskunlaşıb, onların da vəziyyəti çox ağır idi.

Ona görə də, göstəriş verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk növbədə biz köçkünləri köçürdük və onlar üçün gözəl evlər tikdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya qoymağa başladılar. Bununla paralel olaraq Naftalan şəhərində bütün hündürmərtəbəli binalar əsaslı şəkildə təmir olundu. Yeni parklar salındı, mərkəzi şəhər xəstəxanası mənim iştirakımla açıldı. 3 beşulduzlu otel – “Çinar”, “Qarabağ” və “Qaşaltı” açıldı. Bütün açılışlarda mən şəxsən iştirak etmişəm. Hal-hazırda üç və dörd ulduzlu otellərin tikintisi davam etdirilir. Sovet vaxtında Naftalana hər il Sovet məkanından 70 min adam müalicə üçün qonaq gələrdi. Biz indi bu hədəfə doğru gedirik. Artıq 30-40 min insan Naftalana dincəlməyə və müalicə almağa gəlir. Naftalanı beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək bizim başlıca məqsədimizdir. Şəhər İcra Hakimiyyəti bu işlərə böyük diqqət verməlidir. Naftalanda yaşayan vətəndaşların mütləq əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərir”, - deyə o, qeyd edib.

KARUSEL / GÜNDƏM / ÖLKƏ
Baxılıb: 31 Tarix: 4-12-2019, 18:36


Şərh bildir
yenilə, əgər kod görünmürsə