mobil versiya

Xankəndi-Bakı ultra marafonunun ilk mərhələsinin qalibi müəyyənləşib


İlk dəfə keçirilən Xankəndi–Bakı ultra marafonunun birinci mərhələsinə yekun vurulub.
Xankəndidə start götürən və Yevlaxadək 83 kilometr məsafəni əhatə edən ilk mərhələnin qalibi Elmir Əskərov olub. Ağa Əliyev ikinci, Elman Abışov isə üçüncü yerləri tutublar.
Qələbə təəssüratlarını bölüşən E.Əskərov deyib: “Birinci gün üçün asan olur. Çünki yorğunluq yoxdur. Buna görə də özümü qorumağa çalışdım. Bu yarış böyük önəm kəsb etdiyindən, qalib gəlmək istəyirəm. Beş il əvvəl ağlıma da gətirə bilməzdim ki, bu torpaqlara gəlib çıxa biləcəyəm. Nəyin bahasına olursa-olsun finişə birini çatmağı qarşıma məqsəd qoymuşdum.
Ümumi hədəfim 380 kilometr məsafəni 35 saatdan tez qət etməkdir. Növbəti günlərdə yorğunluq da öz sözünü deyəcək, nisbətən temp düşəcək. Fikrimcə, 35 saatdan tez Bakıya çatsam, birinci olacağam”.

Artıq 4 ildir ultra marafonla məşğul olduğunu bildirən yarışçı qeyd edib: “200, 220 kilometrlik yarışlarda üç dünya çempionatında iştirak etmişəm. Buna görə də belə nəticə göstərməyim təəccüblü deyil. Hətta bir saat tez də çata bilərdim. Uğurumun sirri üzərimdə çox işləməyimdir. Güclü, əzmkar olmaq üçün beynində güclü olmalısan. Ultra marafon şahmata bənzəyir. Burada strategiya var və bir saatlıq plan qurmaq kifayət etmir”.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkil etdiyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir. Marafonda müxtəlif ölkələrdən ümumilikdə 64 idmançı iştirak edir. Onlardan 4-ü meksikalı, 5-i türk, biri moldovalıdır. Digərləri isə Azərbaycan təmsilçiləridir.
Ultra marafonun iştirakçıları Xankəndi-Yevlax (83 kilometr), Yevlax-Ucar (84 kilometr), Ucar-Hacıqabul (88 kilometr), Hacıqabul-Qobustan (70 kilometr) və Qobustan-Bakı (55 kilometr) mərhələlərini keçməklə martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrı-ayrılıqda təltif ediləcəklər. Yarışın ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.




KARUSEL / İDMAN
Tarix: 29-02-2024, 15:04