mobil versiya

Azərbaycanın 2 güləşçisi Dünya Seriyasının qalibi olub




Azərbaycanın iki çimərlik güləşçisi Misirin İsgəndəriyyə şəhərində keçirilən Dünya Seriyasının qalibi olub.

Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Sahib Dadaşov (80 kq) misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar.
A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyibsə, serbiyalı Milyan Rayiçə heç bir şans tanımayıb – 3:0.
B qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabıyla məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabıyla qalib gəlib.
Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabıyla məğlub edib. Daha sonra Dadaşov Zoidzeyə (4:2) qalib gələrək bürünc medal qazanıb.
Əliyev isə finalda Mixaylova 2:3 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.
90 kq çəki dərəcəsində yarışan İbrahim Yusubov isə A qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçi amerikalı Cabari Ayronsa da gücünü göstərib – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabıyla qalib gələrək çempion olub.
Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladığı xallar hesablanıb və hər çəki üzrə yekun “3”lük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kq çəki üzrə dünya çempionu olub. İbrahim Yusubov isə 90 kq çəki dərəcəsində eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçimiz 4 qat dünya çempionu ünvanına sahib çıxıb.
İlk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb. Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 güləşçimiz çıxış edib. (komanda.az)

KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:56