mobil versiya

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib



Martın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, həmçinin postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
Tərəflər ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaşlığa öz töhfəsini verəcəyini əminliklə vurğulayaraq, bu istiqamətdə yüksək səviyyəli təmasların və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini diqqətə çatdırıblar.
Xüsusilə iqtisadi sahədə əməkdaşlıq üçün mövcud potensialdan istifadənin, birgə layihələrin uğurla həyata keçirilməsinin zəruriliyi bildirilib, bu xüsusda Azərbaycan ilə Gürcüstan arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacib rolundan bəhs edilib.
Postmünaqişə dövründə mövcud regional vəziyyət, ölkəmizin bərpa, quruculuq, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə regional əməkdaşlığın gücləndirilməsi üçün münbit şəraitin yarandığını deyib.
Bununla belə, sülh prosesinin qarşısında duran çağırışlar, xüsusilə bir sıra ölkələrin öz dar siyasi gündəliklərini regiona proyeksiya etməsinin sülh prosesinə mənfi təsir göstərdiyi diqqətə çatdırılıb.
Nazir İliya Darçiaşvili Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün uğurlu təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, Tbilisinin bu format çərçivəsində regional əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

KARUSEL / SİYASƏT
Tarix: 15-03-2024, 18:11