Nəsimi festivalı çərçivəsində “Zamansız və məkansız” sərgisi açılıb

Nəsimi festivalı çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində “Zamansız və məkansız” sərgisi təqdim edilib.
“Zamansız və məkansız” sərgisi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı ilə keçirilən Nəsimi festivalı çərçivəsində açılıb.

Sərginin ekspozisiyasında Azərbaycan Milli Xalça Muzeyinin, Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında saxlanılan unikal incəsənət nümunələri, eləcə də Ankarada Etnoqrafiya Muzeyi, İstanbul Türbələr Muzeyi, Konyadakı Mövlanə Muzeyindən gətirilən nadir eksponatlar nümayiş olunur. Onların arasında Nəsimi poeziyası və onun fəlsəfəsini, həmçinin sufi ənənələrini əks etdirən XVII-XX əsrlərə aid rəsm əsərləri, geyim nümunələri, xalçalar, musiqi alətləri, əlyazma kitab və digər qiymətli nümunələr yer alır. Həmin sənət incilərinin hər biri sufi dünyagörüşünün izlərini özündə yaşadaraq sufiliyin və hürufiliyin əsası sayılan sonsuz eşqi, insanın ibadətlə Allaha mənəvi yaxınlaşmasını və ruhi yüksəlişini izah edir.
Ekspozisiya oktyabrın 23-dək açıq olacaq.
Reportyor.az

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 24-09-2025, 11:11



























