“Tacik tikmə dünyası” adlı sərgi açılıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iki ölkə arasında mədəni dialoqun inkişafına mühüm töhfə vermək və qarşılıqlı mədəni mübadilə ənənəsini davam etdirmək məqsədi daşıyır.
Sərgidə Tacikistanın Milli Muzeyinin kolleksiyasından 56 unikal eksponat nümayiş etdirilir. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon, deputatlar - Azərbaycan–Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Tacikistan Milli Muzeyinin direktoru Zəfərşo İbrohimzoda Safo iştirak ediblər.

Çıxışlarda Azərbaycan və tacik xalqları arasında əsrlərə söykənən dostluq və mədəni əlaqələrdən bəhs edilib, bu sərginin iki ölkə arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvolizə etdiyi vurğulanıb.
Sərgidə tacik xalqının bədii-estetik zövqünü, ideallarını, dünyagörüşünü, mənəvi dəyərlərini əks etdirən qədim və zərif tikmələr nümayiş olunur. Tacikistanın Xücənd, İstərövşən, Kulab, Pəncəkənd, Rəşt, Bədəxşan, Hisar və digər şəhər və bölgələrindən olan ustalar tərəfindən yaradılan zəngin kolleksiya Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim edilir.



Sərgidə, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX əsrə və müasir dövrə aid eksponatlar – xovlu və yastı toxunmuş xalçalar, kilimlər, bədii metal işləri, tikmə nümunələri, eləcə də Xalq rəssamı Eldar Mikayılzadə və yamaq ustası Xalidə Nəsirovanın əsərləri nümayiş etdirilir.
“Bugünkü sərgimiz birgə təşəbbüslərin, mədəni dialoqun, dostluğun, qarşılıqlı anlaşmanın nəticəsidir”, - deyə Əminə Məlikova vurğulayıb. O əlavə edib: “Tacik tikmə dünyası” sərgisi sizi zəngin tarixi, bədii-estetik dəyərləri və incə zövqü ilə seçilən tacik xalq sənəti dünyasına səyahətə dəvət edir. Tacikistanın müxtəlif bölgələrindən olan rəssamların əsərləri ilk dəfə olaraq Azərbaycan ictimaiyyətinə təqdim olunur. Bugünkü sərgi Azərbaycan və Tacikistan arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvollaşdırır".


Açılış mərasimində Azərbaycan və Tacikistan incəsənət ustalarının ifasında musiqili çıxışlar da olub, həmçinin qonaqlara ənənəvi tacik mətbəxinin təamları təqdim edilib.
Açılış mərasimindən sonra qonaqlar “Tacik tikmə dünyası” adlı sərginin eksponatları ilə tanış olublar.
Sərgi oktyabrın 25-dək davam edəcək.
Reportyor.az




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-09-2025, 11:48