mobil versiya

Xəzəri çirkləndirən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət olunub


“Çimərlik mövsümü başa çatsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzərin çirkləndirilməsi məsələsi gündəmdə saxlanılacaq. Bu gün əsas fəaliyyət hədəflərimizdən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Çünki Xəzər dənizinin ekosisteminə mənfi təsir aradan qaldırılmazsa, gələcəkdə ağır nəticələrə gətirib çıxarar”.APA-nın xəbərinə görə, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirlikdə bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu günədək aparılan monitorinqlərin nəticələrinə görə dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi olan “məcburi göstəriş” verilib: “Bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışmalıyıq. İnsanlar dəniz sahilində, çimərliklərdə, təbiətdə olarkən çox vaxt tullantıları hara gəldi atırlar. Düşünmürlər ki, sabah bu yerlərə bir də gələcəklər. Odur ki, çimərliklərimizdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin. Yəni, hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".

Əsmər Qabil





GÜNDƏM / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 29-08-2019, 11:45