mobil versiya

Füzulidə kütləvi məzarlıq olduğu ehtimal olunan ərazi minalardan təmizlənir



Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlıq olduğu ehtimal olunan ərazinin minalardan təmizlənməsinə başlanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən minalardan təmizlənən əraziyə media-tur təşkil edilib. Media-turda ANAMA əməkdaşları qeyd olunan ərazinin minalarla həddən artıq çirkləndiyini vurğulayıblar.
Bildirilib ki, birinci Qarabağ müharibəsi zamanı girov və əsr götürülmüş şəxslərin, onların ailə üzvlərinin ifadəsi əsasında Füzuli rayonun Aşağı Seyidəhmədli kəndində kütləvi məzarlığın olma ehtimalını nəzərə alaraq sözügedən ərazidə axtarışların aparılmasına qərar verilib. Qeyd olunub ki, Aşağı Seyidəhmədli kəndinin bütün ərazisi tamamilə minalanıb.
ANAMA-nın əməkdaşı Habil Babayev bildirib ki, birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanların məzarlığının olduğu ehtimal edilən sahə 4 hektar ərazini əhatə edir. Hazırda həmin ərazi ANAMA tərəfindən minalardan təmizlənir. Ərazidə 10 gün ərzində 59 ədəd tank əleyhinə mina aşkar olunub: “Ərazi minalarla çox çirklənib. Düşmən bilib ki, insanlar öz yaxınlarının məzarlarını axtaracaqlar, ona görə də ərazini kütləvi şəkildə minalayıblar. Bu günə qədər ANAMA əməkdaşları 4 hektarlıq ərazinin 15 faizini minalardan təmizləyib. Çoxlu sayda minalar gözlə görünməkdədir. Bu da ona dəlalət edir ki, gələcəkdə bu ərazidə hələ çoxlu sayda minaların çıxması ehtimalı yüksəkdir”.
ANAMA-nın əməkdaşı, Füzuli rayonunun Qazaxlar kənd sakini Bəhruz Behbud oğlu Mahmudov ermənilər kəndlərinə hücum edəndə 11 yaşının olduğunu deyib. Atasının da işğal dövründə ermənilər tərəfindən girov götürüldüyü deyilib. Ondan sonra ailəsi Behbud Mahmudovdan xəbər ala bilməyib: “Kütləvi məzarlıq olduğu ehtimal edilən ərazidə atamdan da bir nişanə ilə qarşılaşacağıma ümid edirəm”.
ANAMA-nın əməkdaşı Müşfiq Namazov bildirib ki, Ermənistan ordusu ərazidə minaları çox sıx şəkildə basdırıb, bu isə heç bir standarta uyğun deyil: “Minalar gözlə görünməyən düşməndir, vətəndaşlarımız təmizlənməmiş təhlükəli yerlərə daxil olmaqdan çəkinməlidirlər”.
O da qeyd olunub ki, ANAMA-nın minatəmizləmə qrupları 44 günlük müharibədən sonra azad olunan ərazilərdə 81 min ədəd partlamamış hərbi sursat və minalar aşkar edib. Bunların 14 mini tank əleyhinə minalardır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 21-02-2023, 15:21