mobil versiya

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransa Respublikasının Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan-Fransa əlaqələrinin perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılmasının zəruriliyini bildirərək Ketrin Kolonnanın ölkəmizə səfəri zamanı bir çox məsələlər ətrafında hərtərəfli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə etdi, bunun gələcək əməkdaşlıq üçün faydalı ola biləcəyini vurğuladı. Dövlətimizin başçısı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsinin növbəti mərhələ üçün yol xəritəsinin tərtib edilməsi baxımından önəmli olduğunu bildirdi.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin gündəliyinin həmişə çox geniş olduğunu dedi, siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və digər sahələrdə əməkdaşlığın yaxşı tarixə malik olduğunu qeyd etdi.
Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirinin regiona səfər etdiyini vurğulayaraq bu çərçivədə eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin də müzakirə olunacağına ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra məhz ölkəmizin Ermənistanla qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülh müqaviləsi imzalamaq təklifini irəli sürdüyünü və bunun üçün rəsmi İrəvana 5 prinsip təqdim etdiyini vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Bu xüsusda dövlətimizin başçısı vurğuladı ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşımasını həyata keçirirdi.
Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd etdi.
Katrin Kolonna Fransa Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırdı. Vurğuladı ki, Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Emmanuel Makrona çatdırmağı xahiş etdi.
Katrin Kolonna bildirdi ki, Fransa Azərbaycanda və ümumiyyətlə Cənubi Qafqaz regionunda sülhün, iqtisadi və sosial inkişafın mövcud olmasını istəyir və ölkəsinin məqsədi həmişə bundan ibarət olub. Qonaq Fransanın ikitərəfli əlaqələrə, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əlaqələrə böyük önəm verdiyini bildirərək bu istiqamətdə geniş potensialın mövcud olduğunu dedi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

KARUSEL / SİYASƏT
Tarix: 27-04-2023, 11:54