mobil versiya

“Şagirdlərin sınaq imtahanlarına məcburi cəlb edilməsi ilə bağlı tapşırıq verilməyib”- RƏSMİ



Son günlər müxtəlif sosial şəbəkələrdə və saytlarda Naxçıvanın ümumtəhsil məktəblərində şagirdlərin sınaq imtahanları üçün hazırlıq kurslarına cəlb olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Naxçıvan bürosuna daxil olan məlumatda deyilir: "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hər hansı bir hazırlıq kursu və ya reptitorluq fəaliyyəti ilə məşğul olan şəxslərlə sınaq imtahanlarının keçirilməsi ilə bağlı əməkdaşlığı yoxdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin sınaq imtahanlarına məcburi cəlbi ilə bağlı təhsil müəssisələrinə tapşırıq verilməyib.
Məlumat sosial şəbəkələrdəki həmin yazılarda adıçəkilən hazırlıq kursunun rəhbəri tərəfindən təkzib edilib, məlumatın yalan olduğu bildirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi olaraq valideynləri bir daha məlumatlandırırıq ki, övladlarınızın sınaq imtahanlarında iştirak edib və ya etməməklə bağlı qərarı yalnız sizə məxsusdur.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yalnız Dövlət İmtahan Mərkəzinin buraxılış sınaq imtahanının keçiriləcəyi ilə bağlı məlumatını rəsmi instaqram səhifəsində paylaşıb.
Əlavə olaraq bildiririk ki, 2023-cü il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənlərindən olmaqla, fənn müsabiqəsi keçirilib. Həmin müsabiqədə muxtar respublikanın ümumi təhsil müəssisələrinin 16000-ə yaxın 8-9-10-11-ci sinif şagirdləri ödənişsiz olaraq iştirak edib. Müsabiqə qalibləri 2023-cü ilin tədris yekunlarına həsr edilmiş tədbirdə mükafatlandırılıb.
Hər hansı fakta söykənməyən, rəsmi təsdiqini tapmayan dəqiqləşməmiş məlumatların media qurumlarında paylaşılması peşəkar jurnalistika anlayışına ziddir. Media nümayəndələrinə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə bağlı məlumat paylaşarkən media üzrə məsul əməkdaşımız vasitəsilə məlumatı dəqiqləşdirməyi tövsiyə edirik".

KARUSEL / ÖLKƏ
Tarix: 17-01-2024, 14:51