mobil versiya

QMİ prezident seçkiləri ilə bağlı iclas keçirib



Qafqaz Müsəlmanları İdarəsinin növbədənkənar prezident seçkiləri ilə əlaqədar ümumi iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçiriləcək. Onun sözlərinə görə, ən yeni tariximizdə yeni mərhələni ehtiva edən bu seçkilər müstəqil Azərbaycanda qalib xalqın zəfər qürurlu ilk seçkisidir:
“Xüsusi əhəmiyyət daşıyan bu seçkilər biz, dindarlar, din xadimləri üçün özəl məna kəsb edir. Şükürlər olsun, artıq məscidlərimiz əsarətdən qurtulub, Qarabağın məscidlərində Azan səslənir, bayram namazları qılınır, imamlarımız dini vəzifələrini yerinə yetirirlər. Qarabağ torpağı əsl sahiblərinə qaytarılıb, məcburi köçkünlərimiz öz dədə-baba yurdlarına qayıdırlar, tarixi məscid və ziyarətgahlarımız yenidən dirçəldilir, nəfis şəkildə bərpa olunur.
Bu danılmaz həqiqətdir ki, xalqımızın ən ülvi arzularını həyata keçirməyi tarixi missiya olaraq üzərinə götürən, millətimizə verdiyi vədi, müqəddəs məkanda – Kəbə Evində etdiyi əhdi gerçəkləşdirmiş dahi Azərbaycan oğlu İlham Əliyev öz adını əməlləri ilə xalqın qəlbinə, tariximizin salnamələrinə həkk etməyə müvəffəq oldu. 2020-ci ildə Şuşanın Fatehi olan, 2023-cü ilin 15 oktyabrında separatizm yuvasını birdəfəlik ləğv edib üçrəngli bayrağımızı Xankəndində ucaldan, ərazi bütövlüyümüzü və dövlətimizin suverenliyini tam bərpa edən Azərbaycanın müzəffər Ali Baş Komandanı Prezidentimiz İlham Əliyev bizləri illərlə həsrətində olduğumuz arzulara qovuşdurdu”.
QMİ sədri qeyd edib ki, tarix yazmaq, tarixi yaratmaq hər kəsə nəsib olmur, bu yalnız dahi şəxsiyyətlərə nəsib olan məqamdır. Uca Allahın Lütfüdür ki, Azərbaycan xalqına məhz belə bir tarixi şəxsiyyət rəhbər olaraq nəsib olub:
“Allah Evləri inşa etdirən, bərpa və yenidən quran, Qarabağ məscidlərini bizə qaytaran dövlət başçımızla bütün millətimiz, o cümlədən, dindarlar ürəkdən fəxr edirlər. Həqiqətən, Allah-Təalaya xoş gedən əməllər sahibi İlham Əliyevin, onun siyasi müstəvidə silahdaşı və yardımçısı Mehriban xanımın varlığı bizim üçün böyük nemətdir. Milli-mənəvi, dini dəyərlərimizə hamilik edən, onlara ehtiram, dindarlara qayğı ilə yanaşan dövlət rəhbərimiz xalqımızın iftixar mənbəyidir”.

Allahşükür Paşazadə, həmçinin əlavə edib ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar QMİ bütün Azərbaycan dindarlarına, din xadimlərinə müraciət hazırlayıb.
“Din xadimləri bu müraciətdəki müddəaları bir yol xəritəsi kimi qəbul edərək, məscidlərdə, habelə ictimai tədbirlərdə buna istinad etməlidirlər. Bu müraciət bütün qazılara, imamlara, səlahiyyətli nümayəndələrimizə xitabən seçkilərdə yaxından, fəal iştirak etməyi tövsiyə edir. Məscidlərdə moizə və xütbələrdə dindarlara ölkəmizin həyatında ən önəmli hadisə olaraq seçkilərdə iştirak etmək, öz vətəndaşlıq vəzifəsini yerinə yetirərək, səsvermədə fəallıq göstərmək, istədikləri namizədə səs vermək hüququndan istifadə etmək fikri təşviq olunmalıdır. Qalib Azərbaycan Respublikasının vətəndaşı kimi hər birimiz bu məsuliyyəti dərk etməliyik. Tariximizin şanlı, taleyimizin uğurlu, gələcəyimizin nurlu və aydın olması üçün namizədlər siyahısından ən layiq olanını seçməliyik. Bildiyiniz kimi, İslamda azad seçim anlayışı çox böyük önəm kəsb edir. Azərbaycandakı dünyəvi prinsiplərə əsaslanan müasir seçki sistemində də dindarlarımızın fəal mövqedən çıxış etməsi təqdir olunur. Azərbaycanda din dövlətdən ayrı olsa da, vətəndaşlıq vəzifəsində dindar dövlətindən və ictimai həyatdan heç zaman ayrı olmamışdır və inşallah, olmayacaq” – deyə QMİ sədri vurğulayıb.
Daha sonra digər dini konfessiya rəhbərləri çıxış edib, seçkilərdə iştirakın vacibliyini vurğulayıblar.
Sonda dini konfessiya rəhbərlərinin prezident seçkiləri ilə əlaqədar müraciəti səsləndirilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 18-01-2024, 12:56