İşəgötürənlər tərəfindən lazımi vəsaitin işçilərə ödənilməsi təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2023-cü ildə vətəndaş müraciətlərinin araşdırılması zamanı 471,6 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib.
Ödənilən vəsaitin 370,1 min manatı əməkhaqlarından, 87,9 min manatı işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, 13,6 min manatı isə zərərə görə ödənclərdən ibarət olub.
Ötən il ərzində 107 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Həmin hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub və onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.
KARUSEL / SOSİAL
Tarix: 20-01-2024, 13:35