mobil versiya

“Qarabağ”ın futbolçusu: İlk oyunun nəticəsi "Braqa"nı təəccübləndirmədi



İlk oyunun nəticəsi "Braqa"nı təəccübləndirmədi. Çünki bizi tanıyırdılar, bu cür oynayacağımızı gözləyirdilər.
Bunu “Qarabağ”ın futbolçusu Olavio Juninyo Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.
Braziliyalı hücumçu Braqada qeydə alınan 4:2 hesablı qələbənin komandanı arxayınlaşdırmayacağını söyləyib: “Maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Matça ciddi hazırlaşmışıq. "Braqa" mövsümə başqa turnirdə başlamışdı, indi Avropa Liqasındadır. Bu da onların təhlükəli olduğunu göstərir. Doğma azarkeşlərimizin qarşısında oynamağımız önəmli faktordur. "Braqa" yaxşı komandadır. Oyunun taleyini detallar həll edə bilər. Buna diqqət yetirməliyik. Doğma azarkeşlərimiz qarşısında oynamağımız üstünlükdür".
Juninyo "Qarabağ"a qısa zamanda uyğunlaşdığını söyləyib: "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturuşmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik".
O, rəqib komandanın Bakıya qələbə əzmi ilə gəlməsinə münasibət bildirib: "Düşərgəmizdə ab-hava çox yaxşıdır. Futbolçularımız oyuna kökləniblər. Rəqib düşərgədəki bu cür açıqlamaların bizə təsir göstərəcəyinə inanmıram. İlk görüşdə inamlı qələbə qazandıq. Hər iki komanda üçün çətin oldu. Öz meydanımızda hər şeyin bizim üçün yaxşı nəticələnəcəyinə inanırıq. Avropa Liqasında istənilən nəticə gözləniləndir. İlk matçda qazanılan qələbə hələ heç nə demək deyil. Şansları yarı-yarıya dəyərləndirirəm".
Qeyd edək ki, fevralın 22-də keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. (report)

KARUSEL / İDMAN
Tarix: 21-02-2024, 13:58