Kütləvi qətliamın törədildiyi Qaraqaya - Xocalı soyqırımının şahidləri hadisə yerində danışırlar
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Üç istiqamətdən hücuma məruz qalan Xocalıda 2500 sakin şəhəri tərk edərək, Ağdam istiqamətində qaçmağa məcbur oldu. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edildi, əsrin faciəsi törədildi.
Azərtac-ın bölgə müxbiri Xocalıda qanlı cinayətlərin törədildiyi ərazilərdən birində – Qaraqaya yaxınlığında faciə şahidləri ilə həmsöhbət olub, 32 il əvvəl baş verən hadisələri onların dilindən dinləyib.
Taleyin qismətidir ki, 32 il əvvəl qırğından sağ çıxıblar. 32 ildir ki, o dəhşətli gecəni unuda bilmirlər. 32 ildir ki, doğma yurdlarından ayrı düşüblər. Yolboyu deyib-gülmədilər, o dəhşətli günləri xatırladılar, göz yaşları axıtdılar. Nəhayət, uzun ayrılıqdan sonra Xocalını görəcəkdilər. Bir xeyli yol gəldikdən sonra şəhərin girişində “Xocalı” yazısını görünür, üzlərində kiçik təbəssüm yaranır. Amma hələ də o qara günün ağrı-acısından danışırlar. Nəhayət, uzun illər sonra həyatlarının qaraldığı Qaraqayadadırlar.
Avtomobildən düşdükdən sonra Xocalı sakini, soyqırımı şahidi Hümbət Hümbətov ətrafa nəzər salır, dərindən köks ötürür. Yenidən o dəhşətli gecəni xatırlayır, danışmağa çətinlik çəkir. Bir təhər toxtayıb, özünü ələ alır. “Xocalı işğal olunan zaman Ağdama tərəfə qaçdıq. Ağır, məşəqqətli gün idi. Çaydan keçib dağla, dərə ilə çox çətinliklə Qaraqaya deyilən yerə qədər gəldik. Xilas olmaq üçün yeganə ümid yerimiz Qaraqaya istiqaməti idi. Lakin burada ermənilərin atəşinə məruz qaldıq. Güllələrdən qorunmaq üçün dərəyə endik. Bizi dərədə də atəşə tutdular. Bacım Aynurə, qonşum Savalan kişi qətlə yetirildi, baldızım və qaynımın yoldaşı yaralandı. Güllə mənim də sinəmdən girib, kürəyimdən çıxmışdı. O tərəfdə dağın döşündə də xeyli insan öldürülmüşdü. Gecə 2-3 radələrində atəş səngidi. Qaraqaya tərəfdən Ağdam könüllüləri bizə köməyə gəldilər, bizi Şellidən Ağdama apardılar”, - deyir və susur, gözləri dolur...
Xocalı faciəsi zamanı baş verən dəhşətli hadisələr o zaman 11 yaşı olan Ramil Həsənovun yaddaşında da dərin izlər qoyub. Ramil Həsənov 32 il əvvəl baş verənləri belə xatırlayır: “Erməni silahlıları Xocalıya hücum edəndə biz Qarqar çayını keçib Kətik istiqamətinə getdik. Qar yağmışdı, hava çox soyuq idi. Meşədə azdıq, hara gedəcəyimizi bilmirdik. Ayaqyalın, başıaçıq günlərlə meşədə qaldıq. Nəhayət, gəlib Qaraqaya yaxınlığındakı bu ərazidən keçəndə gördük burada qətliam olub, camaatı kütləvi qırıblar, uşaq, qadın, qoca demədən insanları öldürüblər. Uşaq olsam da gördüyüm o dəhşəti heç cür unuda bilmirəm. Misli görünməyən faciədir. Bu dərd biz xocalılıların qəlbindən heç vaxt silinməyəcək. Ermənilər bizim qəlbimizə sağalmaz yara vurublar”.
Elyana Kərimova meşədə 6 yaşlı övladı ilə birlikdə iki gecə qalıb, ermənilərin mühasirəsinə düşüb, sonda azərbaycanlı hərbçilər tərəfindən xilas edilib. “Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlayanda bizim evdən çaylaq tərəfdə böyük boru var idi, girib orada gizləndik. Sonra fermadan aşağıda olan Kətik yoluna gəldik, dağlara çıxdıq. Elə bildik ki, xilas olmuşuq. Ermənilərin bir zirehli texnikası gəlib camaatı atəşə tutdu, Qulu kişini, Rayanı öldürdülər. Yoldaşım bizi təpədən aşağı ötürüb, özü qayıtdı arxada qalanlara kömək etməyə. Ermənilər bizə çağırdılar, elə bildik azərbaycanlıdırlar. Bizi mühasirəyə aldılar. Təxminən 4 saat orada qaldıq. Mühasirədə olanda 4 nəfəri öldürdülər. Mənim uşağım anamın kürəyində idi. Anamı da öldürdülər. Uşağı anamın kürəyindən götürdüm. Sonra bizi tikiliyə aparırdılar. Gördüm kolun dibində gizlənməyə yer var. Uşağı aldım qucağıma, ana-bala burada gizləndik. Qaranlıq düşəndə çıxdıq Qaraqaya tərəfə getdik. Gecəni də burada qaldıq. Səhər açıldı, üç azərbaycanlı hərbçi gəldi. Biri ayaqqabısını çıxarıb mənim ayağıma geyindirdi, uşağın əlinə corab taxdılar. Bizi apardılar Ağdama”, - deyə Elyana Kərimova o gecə yaşadığı dəhşətləri dilə gətirir.
Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub. Faciənin baş verməsi xəbərini eşidən könüllülər dərhal Əsgəran istiqamətdə hərəkət edərək, Qaraqayadakı erməni silahlılarını zərərsizləşdirib, sağ qalan Xocalı sakinlərini, yaralıları və cəsədləri çıxarıblar.
Keçmiş döyüşçü Oruc Cabbarov 32 il əvvəl baş verənlər haqqında danışır: “Xocalı faciəsi baş verən vaxt mən Ağdamın Qaraağacı qəbiristanlığının yaxınlığındakı postda idim. Gecə atəş səsləri eşitdik. Digər postlarla əlaqə saxladıq, dedilər Xocalılıları qırırlar. Öyrəndik ki, xocalılılar xilas olmaq üçün Şelli istiqamətinə gəlirlər. Gördüyünüz bu Qaraqayada ermənilərin postu var idi. Bu postdan Ağdam istiqamətinə gələn xocalılıları qırırdılar. Fikirləşdik ki, Qaraqayanı götürsək, camaatın çıxarılması üçün dəhliz aça bilərik. Biz bir neçə yoldaşla Qaraqayadakı erməni postunu götürdük. Ora çıxanda qayanın aşağı hissəsində Yaşarla İsgəndəri vurdular. Biz aşağı enəndə dəhşətli mənzərənin şahidi olduq. Qadın, qoca, uşaq demədən öldürmüşdülər. Arxadan köməyə gələnlər cəsədləri, yaralıları götürüb Ağdama aparırdılar. Biz daha çox insanı xilas etmək üçün daha da qabağa gedirdik. Təpənin üstündə bir nəfər qalxıb yıxıldı. Elə bildik yaralıdır. Sən demə, ermənilər onu bizim gəlməyimiz barədə məlumat vermədiyinə görə vurubmuşlar. Xosrov qadına tərəf gedəndə yıxıldı. Mən yaxınlaşanda qadın qışqırıb “qardaş yoldaşını vurdular, səni də vuracaqlar”, - dedi. Mən dönəndə erməni silahlısı ilə üzbəüz olduq. Bir-birimizə silah tuşlamışdıq. Mən cəld tərpənib, onu öldürdüm. Sonra yoldaşlarımız gəldilər, xeyli qadın, uşaq xilas etdik. Bu ərazilərdə olan Xocalı sakinlərini dağın çökək yeri ilə Qaraqayanın arxasına apardıq. Bütün Ağdam camaatı – həm könüllü döyüşçülər, həm də mülki insanlar köməyə gəlmişdilər. Yaralılar xəstəxanaya, meyitlər isə Ağdam məscidinə gətirilirdi”.
Qətliamın törədildiyi bu yerlərdə qışın oğlan çağı olmasına baxmayaraq, açan çiçəklər diqqətimizi çəkdi. Xocalı soyqırımı qurbanlarının qanı ilə suvarılan bu torpaqlarda bitən bənövşəyi rəngli çiçəklər sanki doğma sakinlərini qarşılamaq üçün baş qaldırmışdılar. Adi bir hal kimi görünsə də, özündə nə qədər ağır yük daşıyırdı bu mənzərə...
Qan yaddaşı
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.
KARUSEL / CƏMİYYƏT
Tarix: 26-02-2024, 14:32