mobil versiya

Səfir: "Bolqarıstan təhlükəsizlik, sabitlik və iqtisadi çiçəklənmə üçün öz yerinə malik regional faktordur"



"Bolqarıstan üçün Azərbaycan əsas strateji tərəfdaşdır və  1992-ci ildə diplomatik əlaqələrimizin qurulmasından bəri ölkələrimiz yaxın dostluq əlaqələrindən, yüksək səviyyəli dioloqdan və ortaq maraq dairəsinin bütün sferalarında inkişaf edən ikitərəfli əməkdaşlıqdan faydalanıb".

Bunu Bolqarıstanın Azadlıq Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı Səfirliyinin təşkil etdiyi rəsmi qəbulda Səfir Ruslan Stoyanov deyib.
3 mart tarixində Bolqarıstan öz Azadlıq Gününü və Bolqarıstanın Dövlətçiliyinin Bərpasını qeyd etdiyini vurğulayan səfir ölkəsinin tarixindən söz açıb: "146 il əvvəl bu yaddaqalan tarixdə Bolqarıstan yenidən Avropa xəritəsində göründü. Həmin gün Bolqarıstan uzun müddət axtardığı azadlığı yenidən qazanmış və suveren, müstəqil və demokratik xalq olmaq istiqamətində öz yoluna başlamışdı. Ötən 13 əsr ərzində Bolqarıstan öz adını və varlığını, azad ruhunu və daha yaxşı gələcəyə inamını qoruyub saxlaya bilib".
R.Stayanov deyib ki, bu gün Bolqarıstan, müasir və çiçəklənən ölkə və Avropa Birliyinin, eləcə də bir çox digər beynəlxalq təşkilatların üzvüdür. Bolqarıstan öz qonşuluğundakı ölkələrlə, eləcə də dünyanın müxtəlif ölkələri ilə dostluq və yaxşı qonşuluq münasibətlərini inkişaf etdirməkdədir. Bolqarıstan təhlükəsizlik, sabitlik və iqtisadi çiçəklənmə üçün öz yerinə malik regional faktordur.

Ölkələrimiz arasındakı əlaqələrə toxunan diplomat deyib ki, hər iki ölkə öz əlaqələrini Prezident İlham Əliyevin 9 il öncə 4 mart 2015-ci il tarixində Sofiyaya səfəri zamanı imzalanmış Strateji Əməkdaşlıq üçün Birgə Bəyənnaməyə əsasən strateji əməkdaşlıq ruhunda inkişaf etdirir. Bəyannamə təsirli bir iş sənədi olduğunu sübut etdi və bu sonrakı illərdə də özünü göstərdi. İki ölkə arasındakı əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq əsasda dərinləşməkdədir:"Ən fəal əməkdaşlıq etdiyimiz sahə enerjidir. Enerji sahəsindəki əməkdaşlığımız qarşılıqlı strateji əhəmiyyət daşıyır".
Azərbaycan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində əsas aparıcı qüvvədir və yalnız bizim ölkə üçün deyil, həmçinin, bütün Avropaya təbii qaz təchizatı mənbələri və marşrutlarının diversifikasiyası üçün əhəmiyyətli tətərfdaşdır.2022-ci ildə Yunanıstan –Bolqarıstan interkonnektorunun istifadəyə verilməsi ilə Avropanın enerji xəritəsi əsaslı şəkildə dəyişdirildi. 
Səfir vurğulayıb ki, ölkələrimiz arasında mövcud olan uzunmüddətli sazişə əsasən, Azərbaycan illik qaz istehlakımızın təxminən üçdə birini təmin edir və biz əlaqələrimizi enerji sektorunda möhkəmləndirmək üçün digər imkanlar üzərində də çalışırıq".
Bugün Bolqarıstan modernləşmiş milli qaz şəbəkəsinə malikdir və Bolqarıstan-Serbiya interkonnektorunun işə salınması ilə bir növ qaz nəqli qovşağına çevriləcək. İndi qazı Azərbaycan da daxil olmaqla müxtəlif mənbələrdən Balkanlara, daha sonra Mərkəzi və Qərbi Avropaya, həmçinin Rumıniya, Moldova və Ukraynaya nəql etmək imkanımız var. Bu, həm də gələcək illər üçün Avropanın enerji təhlükəsizliyinin mühüm amili kimi xidmət edən Azərbaycana danılmaz fayda gətirir.
Bolqarıstan həmçinin Xəzər dənizindən "yaşıl" enerjinin Avropaya ötürülməsini nəzərdə tutan Qara dəniz enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə əməkdaşlıqda maraqlıdır. 
Həm Bolqarıstan, həm də Azərbaycan ikitərəfli əlaqələrin iqtisadiyyat və ticarət, nəqliyyat və malların daşınması, kənd təsərrüfatı, turizm, əczaçılıq, elm və texnologiya, təhsil və digər sahələrdə inkişaf potensialını artırmaq üçün böyük səylər göstərir.

Azərbaycan hökuməti adından Bolqarıstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən kənd təsərrüfatı naziri Məcnun Məmmədovun ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib. O, 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açdığını, müqavilə-hüquq bazası çərçivəsində iki ölkə arasında bu günə qədər 65 sənəd imzalandığını, tərəflər arasında 8 sənəd layihəsinin hazırda baxılmaqda olduğunu xatırladıb. 
Bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələri uğurla inkişaf etməkdədir. Bu il hökumətlərarası komissiyanın 6-cı iclasının Azərbaycanda keçirilməsi planlaşdırılır. Komissiyanın işinin nəticəyönümlü təşkili və komissiya tərəfindən müəyyən olunacaq birgə fəaliyyətlərin çevik və effektiv icrası əlaqələrimizi daha da gücləndirəcəkdir.
"Hər iki dövlət beynəlxalq təşkilatlar yanında nüfuzlu mövqeyi və səmərəli fəaliyyəti ilə seçilir. Bu çərçivədə ölkələrimizin bir-birinə dəstək nümayiş etdirməsi mövcud münasibətlərin qorunması üçün vacib şərtdir. Ölkə parlamentləri arasındakı əlaqələr də strateji tərəfdaşlığın ruhuna uyğun olaraq inkişaf etməkdədir. Hər iki ölkə parlamentində yaradılmış dostluq qrupları əməkdaşlığın möhkəmlənməsinə və müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin inkişaf etməsinə öz töhfəsini verir".
Ticarət əlaqələrimiz inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunur. Hər iki ölkədə münbit investisiya mühiti formalaşıb. Mövcud potensialımızı nəzərə alaraq, ticarət dövriyyəsinin artması üçün birgə fəaliyyətimizi gücləndirmək niyyətindəyik.
Azərbaycan digər sahələrdə olduğu kimi enerji təhlükəsizliyi sahəsində də öz mövqeyini daima etibarlı tərəfdaş kimi qoruyub saxlayıb.
Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Bolqarıstana nəql olunması, həmçinin yaxın gələcəkdə həmin dəhliz vasitəsilə reallaşdırılması planlaşdırılan qazın digər Avropa ölkələrinə ixracı üzrə layihələr bizim bu sahədə etibarlı və dayanıqlı tərəfdaşlığımızın əyani sübutudur. 


KARUSEL / SİYASƏT
Tarix: 6-03-2024, 10:54