Məzahir Pənahov iddialara cavab verdi: “Bu araşdırılmalıdır”
“Neftçalada 61 saylı seçki dairəsinin 33 saylı seçki məntəqəsinə polis dəvət ediblər. Bununla bağlı məntəqə dairə seçki komissiyasına müraciət edib”.
REPORTYOR.AZ APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, əgər komissiya Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq polisin müdaxiləsinə ehtiyac olduğu barədə qərar verərsə, polis məntəqəyə daxil ola bilər:
“Biz indi bu halı araşdırırıq. Bizə verilən məlumata görə, bütün qanuni addımlar atılıb, buna baxmayaraq, özümüz araşdırma aparırıq. Cəmiyyətin diqqətini cəlb edən belə məsələlər olduqda əraziyə nümayəndə göndərilir, araşdırma aparılır”.
M.Pənahov sözlərinə əlavə edib ki, digər bir halın Bakının Sabunçu rayonundakı dairələrdən birində olduğu qeyd olunur:
“Oradan verilən məlumatlarda belə təəssürat yaradılır ki, ərazidə qeydiyyatda olmayan şəxslər səs verirlər və bunun qanunazidd olduğu görüntüsü yaradılır. Amma qanunvericilik baxımından bu, tamamilə əsası olmayan iddiadır. Çünki Seçki Məcəlləsinin tələbinə görə, vətəndaş son 6 ayda yaşadığı ərazi üzrə siyahıya daxil edilir. Seçici siyahısına daxil edilmə üçün vətəndaşın harada qeydiyyatda olmağındansa, harada yaşaması daha vacibdir. Çünki indi yüz minlərlə insan qeydiyyatda olmadığı ərazidə yaşayır. Seçki Məcəlləsinin də tələbi budur və dünya praktikasında da bu tələb əsas götürülür. Amma seçicinin adı seçici siyahısında yoxdursa və o, həmin məntəqədə səs veribsə, bu, artıq araşdırılmalıdır”.
KARUSEL / ÖLKƏ
Tarix: 23-12-2019, 15:45