Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Prezidentinin 2011-ci il 28 dekabr tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi prosesi davam edir. Mayın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya növbəti daimi mənzillərin verilməsi ilə bağlı tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə nazirliyin müvafiq qurumlarının nümayəndələri, media mənsubları, xidmətdə və ehtiyatda olan hərbi qulluqçular və onların ailə üzvləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin günbəgün yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıblar.
Bildirilib ki, 2023-cü il dekabrın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Daimi mənzillərin verilməsi üzrə mənzil komissiyası” tərəfindən hərbi qulluqçuların ailə tərkibi, şəffaflıq və ədalətlilik, eləcə də növbəlik prinsipi nəzərə alınmaqla püşkatma mərasimi keçirilib. Seçim əsasında Abşeron rayonunda, Bakının Sabunçu və Suraxanı rayonlarında ümumilikdə 473 mənzil xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçular, eləcə də vəfat etmiş hərbi qulluqçuların varisləri arasında bölüşdürülüb.
Hərbi qulluqçular da öz növbələrində göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 8-05-2024, 16:21