Zəngilanda şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometr olacaq
Uzun illər düşmən tapdağı altında qalan Zəngilan şəhəri erməni vandalizmi nəticəsində dağıdılaraq yerlə-yeksan edilib. Bir vaxtlar abad küçələri ilə seçilən şəhər mərkəzindən geriyə yalnız dağıntılar qalıb. Lakin Zəngilan şəhəri artıq yenidən qurulur və firavan yaşayış yerinə çevriləcək.
Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşü zamanı azad edilən Zəngilan şəhəri yaxın gələcəkdə öz doğma sakinlərini qarşılayacaq.
Prezident İlham Əliyev tərəfindən mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin baş mütəxəssisi Fərid Yusubov bildirib ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində, ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq.
Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq.(azərtac)
KARUSEL / ÖLKƏ
Tarix: 20-05-2024, 14:42