Jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyənlərin nəzərinə
Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün iştirakçılar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2024-cü il mayın 23-dən 27-dək (saat 23:59-dək) Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində olan İdman jurnalistikası ixtisasını seçmək istəyənlər minimum 50 bal toplamaqdan əlavə, ingilis dili fənni üzrə nəticələri 20 baldan az olmamalıdır. Bu bakalavrlar qeydiyyat zamanı İdman jurnalistikası (tədris ingilis dilində) ixtisasını seçmək istədiklərini bildirməlidirlər.
Namizədlər 2024-cü il mayın 30-dan etibarən "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçərkən anket sorğusunu doldurmaqla yanaşı:
– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarının skan edilmiş surətini, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);
– təqdim edilən materialların müəllifə (bakalavra) məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışın skan edilmiş surətini də [email protected] elektron poçt ünvanına göndərməlidirlər.
Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanında aşağıdakı sənədləri təqdim etməlidirlər:
– şəxsiyyətini təsdiq edən sənədi;
– “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;
– özlərinin dövri mətbuatda çap olunmuş jurnalistika janrları üzrə 2-3 ədəd yazılarını, internet KİV-lərdə, radio və televiziyada yayımlanmış çıxışlarının elektron variantını (yazısını);
– təqdim edilən materialların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.
Qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan bakalavr imtahana buraxılmır.
Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.
Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir.
Qabiliyyət imtahanının quruluşu təxminən aşağıdakı kimidir:
1. Bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi;
2. Şifahi müsahibə və yazılı tapşırıq (təhlil, redaktə, əməli yazı və s.).
Qabiliyyət imtahanının qısa təsviri aşağıda verilir:
1. QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.
2. QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüşünü, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini, KİV-lərlə tanışlığını, jurnalistikanın cəmiyyətdə rolunu başa düşməsini, jurnalistin peşə etikası qaydalarına bələd olmasını və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər. Müsahibənin gedişində komissiya üzvləri bakalavrın maraq dairəsini, erudisiyasını və şəxsi keyfiyyətlərini, KİV-lərdən xəbərdar olmasını, müasir publisistlərin yaradıcılığı ilə tanışlığını, seçdiyi peşənin xüsusiyyətlərini başa düşməsini, yaradıcı tapşırıqları cəld və orijinal şəkildə həll etmək bacarığını, həmçinin obyektiv reallığın hadisə və təzahürlərini qiymətləndirməkdə müstəqil yaradıcı təfəkkür qabiliyyətini aşkara çıxaran əlavə suallar və yazılı tapşırıq verə bilərlər.
Şifahi sualları cavablandırarkən və ya yazılı tapşırıqları yerinə yetirərkən bakalavr intellektual səviyyəsini, dünyagörüşünü, jurnalistika sahəsində nəzəri və təcrübi biliklərini, ədəbi dili, dil və nitq normalarını bilməsini, müasir dil normalarını pozan orfoqrafik, qrammatik, durğu işarəsi və nitq səhvlərini tapmaq və düzəltmək qabiliyyətini nümayiş etdirməlidir.
Bakalavrın hər bir bənd (hissə) üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (2 bənd üzrə maksimal bal: 10). Hər bir bənd üzrə ən azı 3, ümumilikdə qabiliyyət imtahanı üzrə isə 6 və daha çox bal toplamış bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər, proqram və ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı və jurnalistika üzrə ixtisaslaşmaları seçmək hüququ qazanırlar.
KARUSEL / CƏMİYYƏT
Tarix: 23-05-2024, 15:05