mobil versiya

Binəqədi rayonunda süd məhsullarının emalı müəssisəsində nöqsanlar aşkarlanıb


Daxil olmuş vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Baksol” adlanan ərazidə fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.
Müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, temperatur rejimi və texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi, qida obyektinə qəbul edilmiş məhsulların müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, emal edilmiş məhsulların qablaşdırma materiallarının qida təhlükəsizliyi sahəsində normativlərə cavab vermədiyi, qida məhsullarının yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi və mütəmadi təmizlik işlərinin aparılmadığı məlum olub.

Eyni zamanda müəssisədə müxtəlif istehsalçılara aid etiketlər aşkarlanıb. Müəssisədə istehsal olunan “Alpen” əmtəə nişanlı mozarella pendirinin etiket məlumatlarında məhsulun növü olaraq “mozarella” deyil, “gouda” sözünün qeyd edildiyi, məhsulun emalı zamanı istifadə edilən bitki yağı barədə məlumatların dolğun qeyd olunmadığı müəyyən olunub. Bundan əlavə etiket məlumatlarında qanunsuz olaraq digər qida obyektinə məxsus qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin dövlət reyestrindən çıxarışının nömrəsi qeyd edilib. Qida obyektində hazır məhsul kamerasına baxış keçirilən zaman üzərində qanunvericiliyə uyğun etiket məlumatları olmayan ümumi çəkisi 1297 kiloqram pendir məhsulu aşkarlanıb.
Müayinələrin aparılması məqsədilə müəssisədə emal olunan “Sweet” əmtəə nişanlı mozarella pendirindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının emalının dayandırılmasına dair “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul olunub. Araşdırmalar davam etdirilir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 6-06-2024, 17:26