mobil versiya

Azərbaycan vətəndaşları İstanbulda yaşamaq izni alarkən "işbazlar"ın qurbanına çevrilir


Sirr deyil ki, Türkiyədə yaşayan azərbaycanlılar daha çox İstanbulda məskunlaşıblar. İstanbul Avropanın ən böyük şəhərlərindən biri olduğuna görə xarici vətəndaşların yaşamaq icazəsi alması Türkiyənin başqa yerləri ilə müqayisədə bu şəhərdə bir qədər uzun müddətə başa gəlir. Sənədləşmə prosesindən məlumatsız əcnəbilər, o cümlədən Azərbaycan vətəndaşları isə bəzi fırıldaqçılar tərəfindən aldadılır.Bununla bağlı İstanbulda yaşayan azərbaycanlı tələbə Fatima İbrahimova sosial şəbəkədə çağırış edib. Tələbə qız yazıb ki, feysbuk sosial şəbəkəsində "İstaz" (İstanbulda yaşayan azərbaycanlılar) adlı bir qrup yaradılıb və bu qrupun bəzi fəalları vətəndaşların pullarını alıb, onları aldadır. 
F. İbrahimova APA-ya açıqlamasında da bildirib ki, İstanbulda yaşadığı 4 il ərzində çox sayda həmyerlimizin bir qrup azərbaycanlı “işbaz” tərəfindən aldadılmasının şahidi olub. Tanıdığı zərərçəkənlər isə əsasən tələbələrdir: “Azərbaycan vətəndaşıyam. 4 ildir İstanbulda yaşayıram. Tanıdığım xeyli həmyerlimiz, xüsusən də, tələbələr İstanbulda yaşayış icazəsi alarkən bir qrup "işbaz" azərbaycanlının tələsinə düşürlər. Vətəndaşlarımızın İstanbulda yaşayış icazəsinə hüquqi yardım etmək adı ilə daha çox feysbuk sosial şəbəkəsində qruplar yaradıb, məlumatsız insanlarımızın pullarını alırlar. Eləcə də, həmyerlilərimiz təhsil almaqla bağlı bu problemlərlə üzləşirlər. Halbuki, məsələn, hansısa xaricdə təhsil şirkətinə 3 min, 5 min manat ödəmədən də elektron sistem üzərindən sənədləşmə işlərini icra edə bilərlər. Bu “işbazlar”ın öz həmvətənlərini çarəsiz durumda qoyması çox utancvericidir. Feysbukda, yaxud başqa sosial şəbəkə üzərindən tanıdığım insanlar məndən soruşduqda ki, İstanbula gəlib yaşamaq, təhsil almaq, çalışmaq üçün nə edə bilərlər? Mən də bildiyim məlumatları onlara çatdırıram ki, aldanmasınlar. O səbəbdən də insanlarımızı xəbərdar etmək üçün bu çağırışı etdim”.
"İstaz" qrupunun fəallarından olan Hüseyn Qurbanov isə iddialarla razılaşmır. O, APA-ya deyib ki, F. İbrahimova azərbaycanlılara ödənişli hüquqi yardım edən konsultasiya şirkətində çalışdığına görə diqqəti özünə çəkmək üçün bu fikirləri paylaşıb.
Lakin 7 ildir, İstanbulda yaşayan jurnalist həmkarımız Kəbutər Haqverdi də APA-ya açıqlamasında problemin ciddi olduğunu deyir. Kəbutər Haqverdi İstanbula, adətən, ilk gələn həmyerlilərimizin belə çətinliklərlə üzləşdiklərini bildirir: “Əslində, yaşayış icazəsi almaq çox da mürəkkəb proses deyil. Doğrudur, İstanbulda bu proses Ankaraya nisbətən mürəkkəbdir. Çünki İstanbulda əhali çoxdur. Amma hazırda Türkiyədə bu məsələ elektron sistemlə idarə olunur. Sadəcə, insanlarımızın elektron müraciət etmək vərdişi yoxdur deyə, bu problemi yaşayırlar. Türkiyə ilə Azərbaycanın nə qədər dil yaxınlığı olsa da, bizim əlifbada 32, onlarda 29 hərfin olması səbəbindən çaşqınlıq yaranır, bir hərf yanlış yazılanda belə, elektron sistem bunu qəbul etmir. O zaman da bu “işbazlar” ortaya atılıb, həmin şəxslərə “xidmət göstərirlər”. Onlar məlumatsız insanların pullarını alıb sistemə daxil olur, qalan sənədləşmə işləri isə vətəndaşın öz üzərində qalır. Onlar da verilən müddətə sənədləri toplaya bilməyəndə, rədd cavabı alır, sonra təkrar rədd cavabı aldıqda deportasiya olunurlar. Sadə bir məsələ şişib, belə problemlər ortaya çıxarır. Ona görə də yaxşı olardı ki, bu məsələlərlə konsulluğun nəzdində fəaliyyət göstərən xidmətlər məşğul olsun, belə çətinliklərlə üzləşən şəxslər rəsmi rüsumunu ödəyib, bu xidmətlərdən yararlansınlar. Bildiyimə görə, İstanbulda başqa ölkələrin konsulluqlarının xarici əlaqələr şöbəsində bu cür xidmət var. O zaman vətəndaşlarımız da belə fırıldaqçı şirkətlərlə üz-üzə qalmaz, həm də ödənilən vəsaitin dövlət büdcəsinə də bir faydası olar”.
Kəbutər Haqverdi bundan başqa, illərdir, İstanbulda yaşayıb qeydiyyat məsələsiylə əlaqədar xeyli problem yaşayan Azərbaycan vətəndaşlarının olduğunu da vurğulayır: “İstanbulun Avcılar, Qazi Osman Paşa, Eyyub Sultan, Şirin evlər, özəlliklə də Bayrampaşa, Halqalı bölgələrində azərbaycanlılardan ibarət məhəllələr var. Hətta Halqalıda Cənnət məhəlləsi sırf azərbaycanlılardır. Bu insanların böyük əksəriyyəti qaçaq şəkildə yaşayırlar. 90-cı illərdən burda deportasiya qorxusu ilə, səksəkə içərisində yaşayan bu insanların durumu acınacaqlıdır. Sənədləri olmadığına görə 25-30 yaşında insanlar var ki, oxuyub-yaza bilmirlər. Evlənib, övladları olub, onlar da qeydiyyatsızdır.
Yeri gəlmişkən, bir məsələni də deyim ki, əslən azərbaycanlı olan maarifçi qadın var - Şərqiyə Məmmədova. O bu vəziyyətdə olan 400-ə yaxın azərbaycanlı uşağı  toplayıb onlara Qazi Osman Paşada məktəb açıb Azərbaycan dilində dərs verir. Burdakı bəzi Azərbaycan dərnəkləri onu qanunsuz fəaliyyət göstərməkdə qınayırlar. Halbuki burada həm qanuni, həm də kilsələrin nəzdində fəaliyyətdə olan erməni dilində 6 məktəb var”.
Kəbutər Haqverdi onu da qeyd edib ki, fırıldaqçılıq edən həmin şəxslərin siyahısı rəsmi qurumlarda da var, onların adları açıqlanarsa, vətəndaşlar da məlumatlı olar: “Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbəri Fuad Muradovun İstanbulda keçirdiyi iclasda mən burada sənədsiz yaşayıb, çətinlik çəkən insanlar haqqında məlumat verdim. Sonra komitə İstanbuldakı qeydiyyatsız Azərbaycan vətəndaşları ilə bağlı elektron qeydiyyat xidməti yaratdı. O zaman buna alternativ olaraq həmin “işbaz”lar biri 100 lirədən guya qeydiyyatsız vətəndaşlarımızın qeydiyyatını aparmağa başladılar. 3-4 kompüterlə bir ofis yaradıb, konsulluğun möhürünü saxtalaşdırıb, doğum şəhadətnaməsi vermək adı ilə insanlarımızdan pul qoparırlar. Toplantılarda konsulun, komitə sədrinin yanında durub şəkil çəkdirdilər, bu şəkli də əllərində bayraq etdilər ki, bunlar guya rəsmi dairələrə yaxın adamlardır, sənədləşmə işlərində səlahiyyətləri var. Bu yolla xeyli insanı aldatdılar. Hazırda İstanbulda çox ciddi şəkildə şəbəkələşib qanunsuz fəaliyyət göstərən azərbaycanlı qruplar var. İnternet üzərindən "qara piar" kampaniyası aparmaq üçün təşkilatlanan bu qruplar Azərbaycan imicinə zərər verirlər. Məncə onlarla bağlı dövlət tədbir görməlidir ki, Azərbaycan üçün gələcəkdə problem yaratmasınlar. 12 belə şirkət var ki, onlardan 2-si, ya 3-ü qanuni yolla işləyir, qalanları saxtakarlıqla məşğuldur”.
Türkiyədə fəaliyyət göstərən “Azİnter” Azərbaycan Hüquq və Danışmanlıq şirkətindən APA-ya bildirilib ki, belə saxta şirkətlərlə bağlı onlara mütəmadi şikayətlər daxil olur. Şirkətin rəhəri Toğrul Nəbiyevin sözlərinə görə, qanunsuz fəaliyyət göstərməkdə peşəkarlaşan bu şəxslər rəsmi qurumlardan verilən sənədlərin möhürünü, imzasını, blankların rəngini elə oxşadırlar ki, orijinaldan seçilmir: “Məsələn, onlar 50 dollardan bir vətəndaşa hüquqi “yardım" etməklə asan qazanc yolu tapıblar, dövlətə heç bir vergi ödəmirlər. Türkiyədəki rəsmi dairələr saxta sənədləri çox vaxt ayırd edə bilmirlər. Möhürlərdə “ə” əvəzinə “e” yazıldıqda türkiyəli məmur bunun yanlış olduğunu hardan bilsin? Amma biz 12 ildir, qanuni fəaliyyətdəyik. Blanka baxan kimi saxta olduğunu müəyyənləşdiririk. Belə saxta sənədlərdən birinin izinə düşdük. Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə araşdırmamızda 600 minə qədər saxta sənədlərin olduğu meydana çıxdı”. 
“Azİnter”in rəhbəri qeyd edib ki, bu işlərdə əsas kriminallaşmış şəxslər və vətəndaşlarımızı belə qondarma şirkətlərlə əlaqələndirənlər də var ki, onların aralarında asan qazanc üstündə müxtəlif vaxtlarda münaqişələr də baş verib: "Hətta münaqişə zəminində Şərur rayonundan olan bir nəfər qətlə yetirilmişdi. Bu barədə xəbərlər mətbuatda da getdi. Həmin işə görə "əlaqələndirici" şəxslərdən 3-ü Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunub, cəzalandırılıb. Təəssüf ki, gedənlərin yerinə başqaları gəlir. Zərər çəkən isə vətəndaşlarımız olur. Sənədləri qaydasında olmadığına görə Türkiyədən deportasiya olunurlar və sair. Onu da deyim ki, Türkiyə polisi son vaxtlar belə saxtakarların daha çox izinə düşüb”.
İstanbulda 2010-cu ildən fəaliyyətdə olan “Kafkasya Orta Asya Danışmanlık Tərcümanlık” şirkətinin rəhbəri Rauf Əlizadə APA-ya bildirib ki, əcnəbilərin Türkiyədə yaşama, təhsil alma, işləməsi ilə əlaqədar hər iki ölkənin qanunları kifayət qədər normaldır, sadəcə, sənədlər qaydasında olmayanda problemlər yaşanır: “Yaşayış icazəsi üçün prosedur belədir. Miqrasiya İdarəsinə (Köç İdarəsi) elektron müraciət edilir, görüş günü təyin olunur. Sağlamlıq sığortası, İstanbulda yaşadığı yerin notariusda təsdiqi, şəkil, dövlət rüsumunun ödənməsinə dair qəbz elektron sistemlə təyin olunan görüş günündə Köç İdarəsinə təqdim edilir və 3 ay içərisində yaşama haqqında vəsiqə yaşadığınız ünvana göndərilir. Əslində, bu proses sadədir. Sadəcə, ilkin mərhələdə vətəndaşlar bu sənədləşmə üçün hansı ünvana müraciət edəcəklərini bilmədikdə, biz onlara hüquqi yardım göstəririk. Vətəndaşımız öncəki illərdə deportasiya olunmayıbsa, xəstəlik problemi yoxdursa, sənədləri qaydasındadırsa, onun istəyinə və maddi imkanına uyğun 3 və ya 6 aylıq, bir və ya iki illik yaşayış icazəsi ala bilir”.
Ekspertin sözlərinə görə, yaşayış icazəsi üçün dövlət rüsumu illik 80 dollardır, əlavə də kargüzarlıq işləri üçün isə 89 Türk lirəsi ödənir. Əsas məbləğ tutumunun sağlamlıq sığortasına görə olduğunu söyləyən Rauf Əlizadə yaşa görə bu məbləğin dəyişdiyini deyir: “Məsələn, 18 yaşlı gəncin sağlamlıq sığortası 140 lirə, 65 yaşlınınkı isə 600 lirədir. Ümumilikdə, yaşa görə sığorta 800, 1200, 1300 lirə olur”.
Türkiyədə təhsilə görə azərbaycanlı tələbənin ödədiyi məbləğin 89 lirə olduğunu söyləyən ekspert işləmək üçün icazə ilə bağlı da ayrı sənədləşmə prosesi mövcud olduğunu vurğulayıb: “Yaşayış icazəsi olan vətəndaşımızın limited (iki və ya daha çox fiziki və hüquqi şəxslər tərəfindən eyni ticarət ünvanında yaradılan şirkət-red.)  şirkətində çalışmaq hüquq var. Bu prosedur da Türkiyənin Əmək və sosial təhlükəsizlik Nazirliyi ilə icra olunur”.
Məsələ ilə əlaqədar Türkiyədəki Azərbaycan Səfirliyinin Konsulluq şöbəsindən APA-ya bildirilib ki, Azərbaycan Respublikası vətəndaşları Türkiyə Respublikasında 30 (otuz) gündən artıq müddətə qalmaq istədikdə yaşadıqları yerlərdə fəaliyyət göstərən Miqrasiya İdarələrinə (Göç İdarəsinə) şəxsən müraciət edərək müvəqqəti yaşayış icazəsi almalıdırlar: “Vətəndaşlar Miqrasiya İdarəsinə müraciət etdikləri zaman hər hansı süni şəkildə yaradılan problemlərlə qarşılaşdıqları zaman bununla bağlı əhatə dairəsinə uyğun olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinə, İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarına müraciət edə bilərlər”.
İstanbuldakı Azərbaycan Baş Konsulluğundan isə bildirilib ki, vətəndaşların problemləri olduqda müraciət edilənlərə yardım göstərilir. 
 #istanbul
/APA/ 

KARUSEL / DÜNYA / SOSİAL
Tarix: 28-08-2019, 13:52