Mir Şahinin vaxtı: Gəncədə 2018-ci ilin iyul terroru ilə bağlı YENİ FAKTLAR - VİDEO
REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxıtdı.
Təhlil axşamına Azərbaycanın, nəinki Azərbaycanın, bütün regionun, Avropanın, bəzi məqamlarda isə hətta dünyanın taleyində müqəddərati rol oynamış hadisədən başlayaq. 1994-cü il sentyabr ayının 20-də Gülüstan sarayında Əsrin Müqaviləsi imzalandı və bununla da Heydər Əliyev dövlət müstəqilliyimizin real tarixinin əsasını qoydu. Əsrin müqaviləsi adlanan bu sənəd əslində artıq bu məzmununu dəyişib. Söhbət əsrdən yox, əsrlərdən gedir. Tarixi imzalanmanın 25 illiyi münasibətilə keçirilən mərasimdə Prezident İlham Əlyevin çıxışından bəzi parçaları təqdim edirəm və sonra studiyaya qayıdırıq.
“Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var
İlham Əliyev Azərbaycan Respublikasinin Prezidenti: “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Təsəvvür etmək çətindir ki, əgər “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycan o vaxt nəyin hesabına öz iqtisadi inkişafını təmin edə bilərdi. Biz nəyin hesabına uğurla inkişaf edə bilərdik. “Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var. Bu kontraktın imzalanması da asan məsələ deyildi. Uzun müddət ərzində aparılan danışıqlar nəticə vermirdi. Əlbəttə, hər iki tərəf çalışırdı ki, özü üçün daha əlverişli və məqbul şərtləri əldə etsin. Hesab edirəm ki, biz “Əsrin kontraktı”nın timsalında beynəlxalq əməkdaşlığın müsbət tərəfini görürük. Çünki həm sərmayə qoyan tərəf - investorlar, həm də ki, Azərbaycan dövləti maraqlar balansını taparaq ən məqbul şərtlərlə özləri üçün bu kontraktı imzaladılar. Əgər investorları kontraktların şərtləri qane etməsə, onda əlbəttə ki, heç bir kontraktın imzalanmasından söhbət gedə bilməz. Eyni zamanda, Azərbaycan dövlətinin maraqları da tam şəkildə təmin edildi. Bu gün kontraktın icrasının nəticəsi olan yeniləşən, müasirləşən, güclənən Azərbaycan bu sözlərimin əyani sübutudur.
Mən danışıqların son mərhələsini yaxşı xatırlayıram. Amerikanın Hyuston şəhərində bir aydan çox danışıqlar gedirdi. Bu danışıqlar həlledici rol oynamışdır. Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün “Əsrin kontraktı” bizim neft sənayemizin inkişafında öz rolunu oynayır. İki il bundan əvvəl kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması göstərir ki, 1994-cü ildə nə qədər düzgün qərar qəbul edilmişdir.
“Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. “Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var.
Eyni zamanda, o vaxt Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı. Ermənistanın ölkəmizin torpaqlarını işğal etməsi, gedən vətəndaş müharibəsi, iqtisadi çətinliklər, bir daha demək istəyirəm ki, Azərbaycanı investisiya üçün əlverişli ölkə kimi təqdim edə bilməzdi. O vaxt ulu öndər Heydər Əliyevin xidmətlərindən biri də o olmuşdu ki, investorları inandıra bilmişdi və Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi.
Yəni, bir daha demək istəyirəm ki, bu, dünya təcrübəsində özünə layiqli yer tutan kontraktdır. Çünki həm dövlətin, həm də investorların maraqları təmin olundu. Eyni zamanda, neftdən əldə edilmiş gəlirlər ölkəmizin sürətli inkişafına şərait yaratdı. Biz dünyada neft sənayesində gedən işlərdən xəbərdarıq. Bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə gətirir, qarşıdurma gətirir, qeyri-bərabərlik gətirir, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafımıza sərmayə kimi qoyuldu. Sosial məsələlərin həlli üçün şərait yaratdı. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün imkan yaratdı. Müasirləşən şəhərlər, abadlaşan kəndlər, ölkədə gedən quruculuq, abadlıq - bütün bunların təməlində bizim neft sənayemiz dayanır.
Biz əlbəttə ki, bu gün iqtisadi sahədə şaxələndirmə yolunu seçmişik. Yəni, neftdən asılılığı aşağı salmağa çalışırıq, qeyri-neft sektorunu inkişaf etdiririk. Ancaq bilməliyik ki, bu gün və sabah ölkəmizin aparıcı sektoru neft-qaz sektorudur. Bu gün və sabah ölkəmizin uğurlu inkişafı üçün bizim qəhrəman neftçilərimizin əməyi əvəzolunmazdır. Məhz bizim neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər. Ona görə neft-qaz sektorunun bundan sonra da uğurla inkişafı prioritet məsələlərdən biridir. Mən yenə də bunu ona görə deyirəm ki, biz iqtisadi inkişafla bağlı apardığımız siyasəti təbii olaraq qeyri-neft sektoru üzərində qururuq. Ancaq bilməliyik ki, əgər neft sektoru inkişaf etməsə, bizim qeyri-neft sektorumuz bu gün ölkəmizin tələbatını ödəyə bilməz.
“Əsrin kontraktı”nın imzalanmasından sonra xarici şirkətlər anladılar ki, Azərbaycana sərmayə qoymaq olar və sərmayə qoymaq lazımdır. Yaxşı xatırlayıram, bir çox xarici şirkət Azərbaycana üz tutub, təkliflərini irəli sürüb və bizimlə əməkdaşlıq etmək haqqında öz niyyətini ifadə etmişdir. Beləliklə, “Əsrin kontraktı”ndan sonra onlarla kontrakt, 40-a yaxın pay bölgüsü sazişi imzalandı. Düzdür, onların bir hissəsinə xitam verildi. Çünki orada kəşfiyyat işlərində lazımi həcmdə neft-qaz resursları tapılmadı. Ancaq digər layihələr bu gün qüvvədədir və bizim qüdrətimizi daha da artırır. Xüsusilə, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsini qeyd etmək istərdim. “Şahdəniz” üzrə kontrakt “Əsrin kontraktı”ndan iki il sonra – 1996-cı ildə imzalandı. O vaxt dünya enerji aləmində qaz yataqları o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Bu gün təbii qaz enerji təhlükəsizliyi üçün həlledici məsələdir. Ancaq o vaxt belə deyildi. Ona görə “Şahdəniz” üzrə kontraktın imzalanması da tarixi hadisədir. Bu gün “Şahdəniz” Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. “Şahdəniz” qaz-kondensat yatağı dünyanın ən böyük yataqlarından biridir. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları eyni əhəmiyyətə malikdir.
Ondan sonra neft-qaz kəmərləri inşa edilməyə başlanmışdır. Bakı-Novorossiysk kəməri yenidən quruldu. Bakı-Supsa kəməri 1999-cu ildə işə salındı. Bakı-Tbilisi-Ceyhan, - hansı ki, ulu öndər Heydər Əliyev özü şəxsən bu kəmərin təməlini qoymuşdu, - 2006-cı ildə biz tərəfdən uğurla başa çatdırıldı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi və Azərbaycan öz təbii qazını ixrac etməyə başladı. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında TANAP qaz kəməri üzrə saziş imzalanmışdır. “Şahdəniz” yatağının tam miqyasda işlənilməsi üçün bu hadisənin xüsusi yeri vardır. Keçən il biz böyük təntənə ilə həm TANAP-ı, həm Cənub Qaz Dəhlizini rəsmi şəkildə açdıq və bu gün TANAP uğurla fəaliyyət göstərir.
Bütün bunlar bizim tariximizdir. Əlbəttə, bu gün bu məclisdə bir çıxışda neft-qaz sənayesi sahəsində görülmüş bütün işləri sadalamaq qeyri-mümkündür. Buna bəlkə də saatlar, günlər lazımdır. Qazma qurğularının Azərbaycanda tikintisi, on minlərlə Azərbaycan vətəndaşının işlə təmin edilməsi, ölkəmizə gələn gəlirlərdən düzgün istiqamətdə istifadə edilməsi, yəni, bütün bunlar bugünkü reallıqlardır.
Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk. Bu gün yeni kontraktlar imzalanır, Azərbaycanın neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib. Mən fürsətdən istifadə edərək, bizim strateji tərəfdaşımızın – BP şirkətinin fəaliyyətini qeyd etmək istərdim. Bizim əsas strateji layihələrimizdə BP əsas tərəfdaşımızdır. Həm “Azəri-Çıraq-Günəşli” yatağının, həm “Şahdəniz” yatağının işlənilməsində, TANAP-da və yeni imzalanmış digər kontraktlar əsasında bizim əməkdaşlığımız uzunmüddətlidir, artıq 25 il tarixi var. Bu əməkdaşlıq bundan sonra ən azı 25-30 il davam edəcəkdir.
Bir məsələni də qeyd etmək istəyirəm. “Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər. Neftdən əldə edilmiş gəlirlər ölkə iqtisadiyyatının inkişafında istifadə olundu. Biz bunu o istiqamətə yönəltdik. İnfrastruktur tamamilə yeniləndi. Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik.
Yollar bərbad vəziyyətdə idi. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. İçməli su böyük problem idi. Bu gün əhalinin 75 faizi dayanıqlı içməli su ilə təmin edilir və bu proses davam etdirilir.
Məcburi köçkünlər üçün yüzdən çox şəhərcik salındı. Çadır şəhərciklərini biz hələ 2007-ci ildə ləğv etdik. Nəyin hesabına? Neft Fondunun hesabına. Neft Fonduna vəsait haradan gəlir? “Əsrin kontraktı”nın icrasından. Biz yüz minlərlə köçkünə yeni evlər verdik, yeni mənzillər təqdim etdik. Şəhid ailələrinə, müharibə veteranlarına edilən güzəştlər, verilən müavinətlər, mənzillər, minik avtomobilləri. Yəni, “Əsrin kontraktı”nın çox böyük faydası var və biz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni, Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər.
Sosial infrastruktur tamamilə yenidən quruldu, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikildi və təmir olundu, idman qurğuları inşa edildi. Azərbaycan kosmik dövlətə çevrildi. Bizim 3 peykimiz var. Biz gəlirlərdən istifadə edərək dövlət borcumuzu aşağı səviyyədə saxlayırıq. Bu, ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır. Bu, hansı ölkələrdə ola bilər? Var, amma bu ölkələrin sayı o qədər də çox deyil.
“Əsrin kontraktı”nın faydasından çox danışmaq olar. Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.
O gün imzalanma mərasimini izləyən jurnalistlər sırasında mən də var idim. Ən xırda detallara qədər xatırlayıram. Prezident Heydər Əliyevin həyəcan və qürur dolu səsi, görünüşü də, Rusiyanın Azərbaycandakı səfiri Valter Şoniyanın mərasimin əvvəlindən axırına qədər dilxor, qanıqapqara oturması da, imza mərasimindən sonra yanaşdığım Ali sovetin sədri Rəsul Quliyevin müsahibə üçün uzatdığım mikrofonu necə itələyərək qapıdan çıxması da... Hər şey yadımdadır. Və Azərbaycanın müstəqil dövlət kimi formalaşmasının hər bir ili kimi. Müqavilədən sonra baş verən terrorlar, çevriliş cəhdləri... Azərbaycanın zəif salınması üçün təşkil edilən ən müxtəlif kombinasiyalar. Bu gün Azərbaycan oturuşmuş, regionun ən mükəmməl dövlət mexanizminə malik lider dövlətidir. İndi də onun müstəqil siyasətinə mane olmaq istəyən qüvvələr var. Dünyanın aparıcı dövlətlərinin monopolist olduğu böyük neft-qaz bazarından ədalətsiz üsullarla sıxışdırmaq istəyən qüvvələrin qeyri-bərabər təzyiqləri var. Bu məqsədlə hətta Qarabağ problemindən də gicgaha silah kimi sıxılaraq istifadə edilir. Prezidenti Qarabağ siyasətində güzəştə məcbur etmək istəyənlərin çabaları boşa çıxır. Bu məqsədlə son zamanlar daha çox Azərbaycanın çərpələng siyasətçilərindən istifadə edilir. Onlar daxildə də var, xaricdə də. Hər şeyi edirlər ki, müsəlman aləminin ən sabit və firavan dövləti relsdən çıxarılsın. Amma dövlət mövcud çağırışlara tam adekvat olaraq inkişaf edir. Güclənir. Biz bu gün müstəqil Azərbaycanda yaşayırıq. Bütün ağzıgöyçəkliklərə, siyasi demoqoqiyalara baxmayaraq.
İndi isə daha açıq danışaq. Jurnalistikadan, televiziyadan, hər hansı publisistika janrından, üslubdan, tərzdən, nə bilim Molla Nəsrəddin məktəbindən, Zərdabi məktəbindən kənar. Sadəcə danışaq. Hər kəsin aydın başa düşdüyü dildə. Məncə orta statistik tamaşaçı mühitində bu saat nəinki fantasmaqoriyanın, nəinki 3 denin, heç bir denin də səviyyəsi yoxdur. Bu gün həm də intellektin söyüldüyü, idrakın təhqir olunduğu, tərbiyənin həqarətə məruz qaldığı bir dövrdür. Azərbaycanda həm də beşbarmağın, ya ələmin süni intellektə əccəbcə alternativ olduğu bir vaxtdır. Bir tərəfdə Əlahəzrət Zamandır. O biri tərəfdə İmam Zaman da daxil olmaqla mücərrəd xilqətlər və onların mürid-mürşidləri. Nə qədər də dördüncü sənaye inqilabından danışsaq, Sofiyanın hamilə olması barədə əttökən, düşük zarafatlar etsək də, bəzi vətəndaşların səviyyəsi Fleym Touers səviyyəsindən yüz illər arxadadır. Problemlərin üzərinə açıq gedilməlidir. Heç bir ezopsuz, metaforasız, sətiraltısız. Qaragüruhun siyasi hakimiyyətə iddiası ümumiyyətlə müzakirə obyekti kimi işlənməməlidir. Onların nə vaxtsa hakimiyyətə gəlməsi onsuz da mümkün deyil. Qaragüruh siyasi problem deyil, sosial-mənəvi, sanitariya-gigiyena problemidir. Bu gün biz onunla daha ciddi işləməyin, səmərəli rəftarın formalarını tapmalıyıq. Məncə qara güruha, qara kütləyə ilk növbədə gigiyena qaydaları öyrədilməlidir. Dördüncü sənaye transformasiyası zamanında Qara güruhun təkhüceyrəli məzmunu olduqca təhlükəli aqibət vəd edir. Onlar bütün prospektlərdən gur küçə işıqlarını yığışdırıb yerində hisli çıraqlar, şamlar qoymaq istəyirlər. Güruhun mahiyyəti çoxxassəlidir. Burada din altında pərdələnən, öz savadsız mahiyyətini “Qurani-Kərimdə onsuz da hər şey yazılıb!” deyə gizləyən, əslində heç islamın əsas dini kitabını belə oxumayan avamlar da var. Aşura günü qan verməklə İmam Hüseynə qandaşlıq edən bəzilərinin gərək bir kiçik fərqdən xəbəri olsun. Kərbəla əzabkeşlərinin, cəfadarlarının qanı müqəddəscəsinə məsum idi. Aşura günü Azərbaycanda qan verən 76 əhli-beyt aşiqində hepatit C, 49 nəfərdə isə sifilis aşkarlanıb. Bəli bu insanlar qan ehsanını İmam eşqinə vermişdilər. Və bu insanlar təziyədarlardır. Kitab oxumaq, kinoya baxmaq, simfonik musiqiyə qulaq asmaq, antirespirantdan istifadə etmək, bizdən irəlidə olanlara baxmaq və onlar kimi olmağa çalışmaq, qanımızı təmizləmək lazımdır əvvəlcə. Azərbaycanda hər bir məzhəbə günəş altında yer var. Provaslava da, sünniyə də, şiəyə də. Multikultural mühitdə yaşayırıq. Amma bir sıra özəlliklər var ki, gərək nəzərdən qaçmasın. Hər dövlətin dinə, təriqətə özünəməxsus yanaşması var. Tutaq ki, İran İslam Respublikasında şiəlik dövlətin əsas ideologiyasıdır. Bu məzhəb nə qədər güclüdürsə, İran dövlət olaraq güclənir. Azərbaycanda isə dövlət fərqli bazada qurulub. Burada din dövlətin idarəçiliyinə qarışmır, qarışmamalıdır, istənilən belə bir cəhdin qarşısı dərhal alınmalıdır. Azərbaycan kimi ölkədə əlahiddə götürülmüş bir məzhəbin güclənməsi dini separatçılığa yol açır. Müstəqil dövlətimizin ana ruhani xətti nə islam, nə xristianlıq, nə də hər hansı məzhəb, təriqətdir- bu ölkənin əsas ruhani sterjeni multikulturalizmdir. Unudulmamalıdır ki, biz məhz dövlətimizin var olması naminə öz türk adımızı azərbaycanlı adına arxa plana keçirmişik. Azərbaycanlılıq dövləti nə qədər qoruyursa, multikulturallıq da o qədər qoruyur. Burada hansısa məzhəbi qabardaraq xüsusi elan etmək olmaz. Bu, dövlətlə risk etmək olardı. İslam üləmalığının “iman ərazidən əfzəldir!” təlimi, müharibə vəziyyətində yaşayan Azərbaycan üçün deyil. Qonşu respublikanın ərazisində yaşayaraq internet televiziyaları vasitəsilə Azərbaycanda şəriət dövləti qurmağa çağıran keçmiş azərbaycanlılarımızla bağlı qəti addımlar atılmalıdır. Bu gün Azərbaycanın kursu 4-cü sənaye inqilabına doğrudur. Dövlət bunu istəyir və bunun üçün lazım olanı edir. 1339 il gerini xatırlamaq olar əlbəttə, amma heç olmazsa bu gündən 10 il irəliyə getmək lazımdır. 4-cü sənaye inqilabının şərtlərinə uyğun olaraq. Bütün müqəddəs dəyərlərə və adətlərə hörməti, ehtiramı qoruyub saxlamaqla. Qara güruhun bir qatını da işsiz iddialılar təmsil edir. Onların qeyri-peşəkarlıqları, heç bir hazırlığa malik olmamaları real iş əmsallarından qat-qat artığına layiq olduqlarını güman etməsi eybəcər bir mənzərə yaradır. Unudulmamalıdır ki, qaragüruhla inqilabın, milli azadlıq hərəkatının, demokratik dalğaların heç bir əlaqəsi yoxdur. Bu qarışıq qüvvələr heç bir plana, konsepsiyaya, dəyişikliklər üçün hansısa yol xəritəsinə, islahatlar paketinə, hətta növbətçi mitinqdə sonda oxunmağa əvvəlcədən hazırlanmış qətnaməyə belə malik deyil. Qaragüruh mitinqlərə gələn insanların sayının artımında da sırf fiziki güc ölçüsü kimi maraqlıdır. Məsələn, mühərriki at gücü ilə ölçmürlər? Onlarda da mitinq gücü at gücü ilə təxminən eyni mənanı daşıyır. Bu güc onlara imkan düşərsə super-marketləri yağmalamaqdan, varlı vətəndaşların evinə soxulub onların malik olduqları varidatı ələ keçirməkdən, bankomatları qoparıb özlərilə aparmaqdan, avtosalonların içərisinə soxulmaqdan, çapıb-talamaqdan ötrü lazımdır. İctimai nəqliyyatın qarşısını kəsib insanları yerə tökməkdən, zorla qabaqlarına qatıb bu və ya digər dövlət qurumlarını mühasirəyə almaq məqsədilə yönləndirməkdən ötrü lazımdır. Qaragüruhun ərəb baharı ilə bağlılığı gül-çiçək, qaranquş müjdəsi vəd vermir. Bir zamanların Suriyası da, Liviyası da basqınçıların və çapqınçıların, talançıların və yalançıların peyda olmasından əvvəl əsrarəngiz görünürdü. Fərat axır, gözünüz baxır, bir baxmışdız, bir də baxın.
Bax elə buna görədir ki, Azərbaycan qaragüruhla mübarizədə daha açıq, daha mövqeli olmaq zəruridir. Güruh öz zəif beyniylə olsa da başa düşür ki, intellektdə opponentinə böyük hesabla, hətta quru hesabla uduzur. Ona görə də əlac qalır gücə. Məncə, Azərbaycan Xalq Cəbhəsi partiyası sədrinin müavini Fuad Qəhrəmanlı hadisəsi də total güc, total zor fəlsəfəsinin kiçik bir talaşası,bir qəlpəsidir. Burada məsələ heç də kiminsə ailəsində baş verən münaqişədə deyil. Belə hadisələr o qədər olub ki... və o qədər də olacaq ki... Anam bacım-qız gəlin, əli-ayağı düz gəlin, 7 oğul istərəm bircə dənə qız gəlin-hayqıran ortadoksal mentalitetlə yalnız istedadlı yazıçı Günel Mövlud və ardıcılları mübarizə aparmamalıdır. Bu problemin kökündə dindən dilə milyon səbəb var. Fuad Qəhrəmanlı hadisəsi isə xüsusi araşdırılmalıdır. Niyə? Ona görə ki, bu bir məişət məsələsi deyil. İmtina bəyanatının məğzinə varaq. Mətndə bir parça var ki, onun xüsusi oxusuna ehtiyac duyuram: “Belə gördüm ki, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı, sağ yanında saxlayır - bunu başa düşdüm, kadr yoxdur - amma adam canını yox, qurbanı qınayır ki, "siz düz etmirsiniz". Qalanlar üzvlər də, anama necə "yaxşı at özünə qamçı vurdurmaz", onu öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar; hələ hələ bütün bunları bilən adamlar niyə uşaqlar "Yağmur" soyadını istifadə edir deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, "hamı deyir ki o evdə Fuadı saymırlar" başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Impressive. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadakı bu əxlaqsızlıq potensialı gözümü yaşardır valla!.Uzun sözün qısası, 2009-dan bəri bu cür tük ürpərdən bir durumun içindəyik. Hər gün hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər... Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadakı iyrənc əməllərinə göz yumsun və boşanmasın.» Şəxsi sayıla biləcək təfərrüatlara girmirəm. Çünki Selcan xanımın atasından imtina məktubu məhz cəmiyyətə xəbərdarlığın sarı işığı kimi yandırılıb. Söhbət bir ailədən, bir təzyiq qəlpəsindən yox, ortada olan qaragüruh tərbiyəssizliyinin bütün bir vücudundan gedir. Fakt məhz siyasi-ictimai, əxlaqi-mənəvi məzmunu zorakılığa əsaslanan bir güruhun fərdi fəlsəfəsini açır. Ailə dövlətin kiçik şəklidir və bu hadisənin törədən şəxs hakimiyyətə, dövləti idarəyə iddia edir. Məncə, fakt hansısa xəstədən götürülmüş qan analizi kimi işlənməlidir və bu olay qaragüruhun bütün mahiyyətinin təhlili üçün kifayət edəcək qədər material verir. Hadisənin detalları, arxafonu barədə məlumatlarım çoxdur. Məsələn, bilirəm ki, ailə məişət zəminində baş verən bu hadisənin mahiyyətində qısqanclıq durur. Gültəkin Hacıbəylinin statusundan misal çəksək və onun Fuad timsalında insansevərliyinə keçsək belə bir fraqmentlə rastlaşa bilərik: “ Bu gün o qədər ağırlıq hiss edirəm üzərimdə! Düşünmək ağırdır, yazmaq ondan da ağırdır... Allah balanı ataya, qadını ərə, qardaşı bacıya düşmən edən, evlənmək istəyənin evlənmək, boşanmaq istəyənin boşanmaq imkanını əlindən alan... sistemə lənət etsin!” Burda bir fikir var, evlənmək istəyənin evlənə bilməməsi. Gültəkinə aiddir. Amma məni bu ştrix maraqlandılrmır. Baxmayaraq ki, burda Gültəkinin evlənmək istədiyi və evlənə bilmədiyi səbəblər üzərində bir siyasi şou-biznes təhqiqatı aparmaq olardı. Amma bircə məsələ mütləq qeyd olunmalıdır ki, qısqanılan üçüncü bucaq Gültəkin Hacıbəyli ola bilərdi. Bu hekayətdən milli, milsiz bütün şurada məlumat var. Əli Kərimli isə həm Fuadı, həm Gültəkini qorumalıydı. Günahların bəyi. Sağdış da var, soldış da. Cəfər Cabbarlı üçün əla bir Aydın senarisi. Yaraqlarına, yarpaqlarına zəhər damcılanmış Qəhrəmanlar. Sevgi azaddır. Evli olmayan bir qadının da özünə xoşbəxtlik axtarmaq kimi haqqı var. Qadına şiddəti qınayaraq başqa bir qadının sevgi haqqını ayaqlamayaq. Yəni işimiz bunda deyil. Amma fikir verirsinizsə qaragüruh məişət-kommunal girdabından çıxa bilmir ki bilmir. Axı niyə eşqin məstində böyük bəyin Tamara axtarışları sentimentalcasına yada düşür, niyə Xədicə İsmayıl özü boyda Çılpaq Həqiqət kimi meydana çıxır. Niyə Qənimət Zahid fevralın 26-ı, Xocalı soyqırımı günü soyunub qırılır, niyə Qaragüruhun ruporlarından biri Osmanqızı öz övladlarını oğurlayır və münasibətləri hələ ərdə olduğu vaxtda başlanan xüsusi kəsin xidmətinə baş qoyur? Niyə qaragüruhun başqa bir ruporu Tural Sadiqli 3 aylıq hamilə olan həyat yoldaşını döyür və qadın xəstəxanada ölümdən zorla qurtarır. Niyə Gültəkin Hacıbəyli qaynanasına məhkəmədə biabırçılıqla uduzur. Ən yaxın adamları olmuş şəxslər bu qadında xəyanətdən başqa nəsə görmədiklərini elan edirlər. Sadaladığım bu faktların sayını artıra bilərəm. Amma qan analizi üçün bir neçə damcı kifayətdir. Qaragüruhun təhlili kontekstində görürük ki, Fuad tarixçəsi təsadüf deyil. Onun öz ailə dramında hakimiyyəti ittiham etməsi isə zəif bir istinaddır. Gəlincik və bəyciklər çox şişirdirlər. Burada məsələ çoooox ibtidaidir. Sadəcə tərbiyə və savadsızlıqdan tərəyən, cahillikdən, antirespirantsızlıqdan doğan böhran. Burada hakimiyyətin müəyyən təsisatlarının da rolu var. Amma bu güruhun iddia etdiyi tərzdə və məzmunda deyil. Hakimiyyət həbsdən buraxılmışları, xüsusilə qaragüruhun sosial təhlükə və tərbiyəssizlik daşıyıcılarını gözdən iraq qoymamalıydı. Unudulmamalıdır ki, Fuad Qəhrəmanlı kurortdan, Qərbdə menecerləri təkmilləşdirən uzun müddətli kurslardan yox, həbsxanadan qayıdııb. Biz həbsxanaları az qala romantik bir düşərgə kimi təqdim edən Əli Kərimlini, onun ətrafındakıları çox eşitmişik. Qaragüruh başının “cəbhəçiləri artıq türməylə, həbslə qorxutmaq mümkün deyil, onlar ora toy-bayram kimi gedirlər, və ya müavinlərimin hamısı, az qala hamısı həbsdədir!” tipli bəyanatları təzə deyil. Amma ilk baxışda sadə bir fikir, adi çıxış kimi görünən bu nitq parçalarının arxasındakı gerçək vəziyyət təqdim edildiyi qədər sadə deyil. Ortada uzunmüddətli təcrid olunmanın yaratdığı xüsusi hal, gərgin ovqat, ən mühüm həyat stansiyalarında övladlarının yanında omamaqdan irəli gələn, onların tərbiyəsində atasızlıq kimi boşluğun yaratdığı qısa qapanmalar, onların sonrakı qəzaları... qaranlıqlar var. Fuad Qəhrəmanlı tək deyil. Qaragüruhun önünə düşənlərin əksər hissəsi həbs keçmişi yaşamış kriminallaşmış personaldılar. Görünür, həbsdən buraxılan bu insanlar problemli təbəqə kimi uzunmüddət, tam islah olunanadək xüsusi nəzarət altında olmalı, həssas müşayiət, müşahidə altında cəmiyyətə tədricən adaptasiya edilməlidir. Mən şəxsən Fuad Qəhrəmanlı sindromuna belə yanaşıram və hakimiyyətin bu məsələdəki məsuliyyətini məhz buna görə qabardıram. Qaragüruhun məsuliyyət münasibəti isə aydındır. Yadınızdadırsa biz bir müddət əvvəl bu mövzuya toxunmuşduq. Məhsul stadionunda tez-tez keçirilən mitinqlərdən şikayət edən yerli sakinlərin etirazına cavab verən Əli Kərimli məsuliyyət hissini belə bölüşmüşdü.
Fuad Qəhrəmanlının hərəkəti də meydandan kənar baş vermişdi. Bu məntiqlə qaragüruhbaşı məsuliyyət daşımamalıdır. Və belə bir adamın müavininin də hərəkəti təəccüb doğurmamalıdır. Əslində isə söhbət əlahiddə götürülmüş bir fərdin cavabdehlik hissindən yox, bütöv bir qaragüruhun davranış tərzindən gedir. Fuad Qəhrəmanlının hərəkəti bu cameədə formalaşmış dəyərlər kompleksinin yalnız bir cüzi detalıdır. Fikir verdinizsə, bütün arqumentləri və bəhanələrilə uduzduğunu görən keçmiş məhbus birinci növbədə ailə məsuliyyətindən qaçdı. İstefa verdi ki firqə marağını müəyyən qədər qorusun. Ən azı istedadlı yazıçı Kəramət kimi davrana, qızının ayaqqabılarından öpməklə, incitdiyi ailə üzvlərindən üzr istəyə, onlardan bağışlanmasını xahiş edə bilərdi. Amma yox. Kəramət bu gün qara ciyərlərinin qanını günahlarıyla birgə yuyur. Bu təmizlənmə sosial tərbiyəsizliyin yetirmələrində özünü göstərə bilməz. Fuad içində özünəməxsus bir Kələki tapdı və ora qaçdı. Məsuliyyətdən. Qonşu arvad rolunun dublyoru Əli Kərimli isə bayaq dediyimiz kimi, məsələnin üstünün açılmasını heç şübhəsiz başqa bir səbəbdən istəmirdi. Çünki ortada gül təkin bir məhəbbət üçbucağı da var idi. Üçüncü cəbhənin, daha doğrusu üçüncü bucağın açılması ağrılı şpaqat ola bilərdi. Fuad Qəhrəmanlıyla baş verən hadisə virtual meydanda söz azadlığının ayıbını çıxaran qara güruhun əxlaqının məntiqi sonu idi.Sosial şəbəkələrdə təhqir və söyüşlərin epidemiyasını yaradan qara güruhdan belə bir aqibət gözlənilən idi. Polis dəyənəyini pafosla pisləyən qaragüruh öz gözündə öz dəyənəyini görmürmüş. Bax bunu deyirdim mən hər dəfə. EYYYY! İnsanlar!!! Sosial şəbəkələrə çıxışı olanlar, səhifə sahibləri! Təhqirçiləri, söyüşçüləri cavabsız buraxmayın! Onların qarşısına çıxmaqdan çəkinməyin! Abrım var, onların səviyyəsinə enməyəcəm deyə düşük arqumentlərlə ictimai biqeyrətliyə haqq qazandırmayın! Anklav namusxanalara sığınıb başınızı xanımlarınızın donunu altından çıxarın. Onların namusunu başqa qadınların söyüş və təhqirlərinin məntiqlə cavabını verməklə qorumaq lazımdır. Özüm kimi əminəm: Fuad Qəhrəmanlının başına gələnlər və ya onun ailəsinin yaşadıqları ilə bu saat sosial şəbəkədə söyüş və təhqir eskadriliyasına verilmiş fas komandası arasında birbaşa bağlılıq var. Qaragüruhun şərhyazanları Selcan balamızı hansı iyrəncliklərə qonaq edirlər, atasını müdafiə edib qızını təhqirə məruz qoyanlara Qəhrəmanlı hələ bir valideyn təşəkkürü də ünvanlayır. Bax bütün məsələ bundadır. Qaragüruh Edip kompleksinin mutasiyasından əziyyət çəkir. Biz vətəndaşlarımızla danışmalıyıq. Kütləvi İnformasiya Vasitələri tərəfsizlik platformasından əl çəkməli, proseslərə açıq cəsarətlə müdaxilə etməlidirlər. Bu gün Azərbaycanın informasiya istiqlalı bizim əlimizdədir. Kənddən dünən şəhərə gələn insanların ali urbanizasiya qaydalarını mənimsəməsinə əşhəddü-ehtiyac var. Şəxsən mənə elə gəlməyə başlayıb ki, 90-cı illərdə Azərbaycanda milli azadlıq hərəkatı filan, yox sırf kəndli hərəkatı baş verib və biz Bakıya köçmüşük. İndi isə Bakını böyük kəndə çevirərək onun şəhərə çevrilməsinə müqavimət göstəririk. Ona görə də öküzü, qoyunu uşaqların gözü qabağında Nazirlər Kabinetinin 10 dəiqəlik məsafəsində, utanıb qızarmadan kəsir, itlə gəzintiyə isə gecələr, camaat görməsin deyə qorxa-qorxa gəzirik. Qaragüruhun maariflənməsi zamanı bu xırdalıqlar da izah edilməlidir. Dövlət mitinq kontingentinin də qan təhlilini aparmaq üçün müəyyən addımlar atmalıdır. Aşura qan verənlərindən fərqli nəticə olacağını düşünmürəm. Bax elə bu səbəblərdən mən yeni televiziya mövsümünün daha açıq, daha anlaşıqlı bir konsepsiya əsasında qurulmalı olduğunu düşünürəm. Tamaşaçılar savad üçün televiziyaya qayıtmalıdır. Tədris proqramları bərpa edilməlidir. Vətəndaş bilməlidir ki, zəlzələnin yerin altında dayanan öküzlə, xoruzların banının məğribdən məşriqə uzanan Xoruzun komandasına heç bir dəxli yoxdur. Qaragüruhun başında duran Əli Kərimlinin yaxınları onu məcburi müayinəyə aparmalıdır. Adamın aşkar psixi problemləri var. Onun danışarkən göz qapaqlarının irilənməsi, yol verdiyi hərəkətlər, jestlər, irəli-geri yırğalanmaları belə düşünməyə əsas verir. Yeni televiziya mövsümü son 25 ildə heç vaxt belə açıq mövqe tələb etməmişdi. Bu artıq vətəndaş platformasıdır. Qaragüruhun maarifi sosial şəbəkələrdə aparılmalıdır. Bütün növ efir oyunbazlıqları, qərb televiziyalarının fərsiz kopiyaları indi çox yersiz görünür. Biz tamaşaçını ən əvvəl bizə baxmağa qaytarmalıyıq. Yalnız bundan sonra televiziya vərdişlərini daha yüksək pilləyə daşımalıyıq. Bu baş vermədikcə neft kontraktlarının 25 illiyinə veriliş həsr etməyin nə mənası? Onsuz da qarşımızdakı tamaşaçı neftin Azərbaycana gətirdiyi milyardları görmür. Çünki onun üçün öz çinədanına düşməyən buğda çörək deyil. Burda hansı böyük mətləblərdən danışasan ki, qarşımızdakı tamaşaçı Səudiyyə Ərəbistanınn neft emalı zavodlarını vuran Dronların çıxdığı yeri yox, Məkkəni, Kəbə evinin ətrafını fırlanan insanları görür. Mən nəyi təhlil edim? Necə anladım ki, hadisə ekiz binaların vurulması qədər müqəddərati ola bilər. Burada da əkiz iman binaları var və insident Kəbə-Kərbəla toqquşmasına hazırlıqdır, a camaat! Qaragüruh özünün zor, güc məzmununu bütün ölkəyə ixrac etmək istərdi. Və istəyib. Əslində ötən ilin iyul ayında Gəncədə baş verənlər də qaragüruhun zorla hakimiyyəti dəyişmək istəyinin, iradəsinin iki başlı şəkliydi. Mən bununla Rəşad Böyükkişiyevin əlindəki qılıncın iki başına eyham vururam. Prezidentin dövlət-vətəndaş təması üçün elan etdiyi yeni mənəvi doktrina Azərbaycan insanının ərköyün damarını elə tutub ki, hamı dövlətdən nəsə istəyir. Müəyyən bir qrup isə dövlətə hətta vergisini belə vermək istəmir. Lerikdə bunun şahidi olduq. Və. Vətəndaşa Dövlət qarşısında öhdəliklərini xatırladanları isə qaragüruh o saat təhqirlə təhdid edir. Bu şantajdan qorxan məmur isə doğrunu yox, sosial şəbəkənin eybəcər virtual mühitinin tələb etdiyini deyir. Məsələn Millət vəkili Hadı Rəcəbli bilə-bilə ki, uşaq pulunun artırılması yanlış təklifdir, dövlətin maliyyə sütunlarının əsaslarını hədəfə alır, bu addıma təqdim olunan və tələb olunan tərzdə getmək olmaz, amma ortada Qubad İbadoğlu kimi finans provakatorlarının, ona dəstək verənlərin, bununla da qaragüruhun cahil zümrəsinin arzuladığı bəyanatı verir. Baxmayaraq ki, 3 yaşadək uşaq pulunun verilməsi söhbəti ünvanlı müavinət kimi artıq verilir. Və 34 yaşınadıək uşaqlara uşaq pulu verilməlidir tipli bəyanatlar kənardan qara güruhun ortaya atdığı tezislə səsləşir. Təsəvvür edin ki, Virtual vətəndaş müharibəsinin ilk qurbanı Rasim oldu. Yəqin xatırlayırsız. Bu faciə adi futbol matçı ətrafında baş versə də əslində daha ciddi proseslərin anonsuymuş. Bu gün virtual zorakılıq halları daha geniş miqyasda davam edir. Linç edilərək öldürələnlər də var, mənəvi terrora məruz qoyularaq insanlıq cərgəsindən çıxarmağa hesabkanmış şüurlu kombinasıyalar da. Prezident dövlət vətəndaş münasibətlərini tam rəsmiyyətdən tam səmimiyyətə keçirəndən sonra anormal tələbat yaranıb. 2018-ci ilin iyul ayında Azərbaycanın ikinci ən böyük şəhərində dövlətə qılınc qaldıranlara dəstək aksiyasında iştirak edən bir qrup din yarlıqlı gəncin valideynləri qanunlara təzyiq yolu ilə övladlarının azad olunmasını tələb edir. Qarğışlar, nifrinlər edirlər. Onlara görə əgər meydana çıxanlar özləri kimisə qətlə yetirməyibsə, sadəcə qatilin yanında olubsa bu ağır cinayət deyil. Prezident, Birinci Vitse-Prezident mütləq onların tələblərini yerinə yetirməli, övladları azadlığa buraxılmalıdır. Bir daha xatırladıram. Qaragüruh dövləti zorla təhdid edir. Bu gün də belədir, dünən də belə idi. Övladlarını məsum, günahsız hesab edən valideynlərin diqqətinə bir kiçik fraqment təqdim edirəm. Humanizmin tətbiq edildiyi bir gənc, adı vacib deyil, məhkəmə zalından azad edilib və müsahibə verir. Mən onun qəribə geyim tərzini, intonasiyasını bir kənara qoyur, sadəcə çıxışından bir parçaya diqqət yetirməyinizi istəyirəm.
Adam Azəbaycanı böyük həbsxana hesab edir. Məhkəmə isə hesab etmişdi ki, bu kəs artıq islah olunub. Amma adam azadlığa çıxandan dərhal sonra siyasi bəyanat verir. Hətta lənətləyir də. Zülmün sonuna az qaldığını deyir də. Bu gün 2018-ci ilin iyul hadisələrini araşdırmaq, dövlət əleyhinə ağır cinayət işləmiş insanların məsuliyyət yükü barədə cəmiyyətə dolğun informasiya vermək bir qədər populyar deyil. Sanki paralel dünyada yaşayırıq. Azərbaycanlıraın bir qrupu mənim adım olmasın, ad çəkməyəcəm, özü yaxşı bilir kimi riyakar, ikiüzlü, maskalanmışlıqlarla orta statistik, snandart vətəndaş həyatı sürür. Bu tərz bizlik deyil. Real-ın xətti açıq, birbaşa, heç nəyi gizlətmədən göstərməkdir. Hər bir ictimai Vahid mövqeyini aşkar göstərməli, sosial səhifələrdə, öz adı və soyadı ilə müqavimət göstərməli dövlətin özünə aid olan ərazisini sayıqlıqla qorumalıdır. Ötən ilin iyul ayında Gəncədə baş vermiş hadisələrin terror zənciri olduğuna bütün varlığımla əminəm və ya məndən ötrü Yunis Səfərovun Elmar Vəliyevə qəsdi terror əməlidir. Onun addımının davamı olaraq Gəncənin Baş meydanında baş verənlər də. Terror zəncirinin davamıdır. Əminəm ki, araşdırmaların sonunda qaragüruhla dini çanaq altında gizlənərək birləşənlərin əlbirliyi, işbirliyi tam sübutunu tapacaq. 2018-ci ilin terror hadisələri zamanı Elmar Vəliyevə, Azərbaycan polisinə qalxan əlinin Qaragüruhun Üvertüraya qalxan qollarının yanında olduğu faktlarla öz əksini tapacaq. İyul terroru ilə Qaragüruhun bağlılığı, onların müştərək güc doktrinası mənim fantaziyam deyil. O hadisədən bir gün sonra Gəncədəydim. İki polis zabitini öldürən qatil bir polis zabitini də ağır yaralamışdı. Çətinliklə olsa da onunla görüşüb müsahibə ala bildik.
Antidövlət mövqe tutan insanların yolu
Bu müsahibəni təqdim etməklə istədim ki, o ağır günə bir daha qayıdaq. İndi danışmaq çox asandır. Artıq problem həllini tapıb. Terrorçuların bir qrupu məhv edilib. Onların dəstəkçiləri yaxalanıb. Ağır və yüngül cəzalananalar var. Amma o günlər Gəncədə müdhiş bir gərginlik var idi. Şəhərin rəhbərinə ağır xəsarət yetirilmişdi. İkli polis zabiti öldürülmüşdü. Bir polis zabiti ağır yaralanmışdı. Azərbaycanın bütün rayonlarının icra başçılarına gizli bir edam cəzası elan olunmuşdu. Hüquq-mühafizə orqanları sərt tədbirlər görməsəydi, bir az ovcuyumşaqlığa rəvac versəydi vəziyyət daha dramatik, daha faciəvi şəkil alacaqdı. İndi biz çox sakit və soyuqqanlı şəkildə, özünü heç nə olmayıbmış kimi aparan maraqlı valideynlərin aqressiv bəyanatlarının şahidi oluruq. Neyləyiblər ki? Meydana giriblər də? Nə var ki burda, elə mən də girərdim? Meydana girməyə görə adama 6 il, 8 il iş verərlər? kimi özünü avamlığa vurmuş suallar verənlərlə rastlaşırıq. Övladlarına azadlıq tələb edən valideynlər artıq çoxdandır ki, siyasi bəyanatlar verirlər. Əlbəttə hər bir ata-ana üçün övladı məsumdur, günahsızdır. Amma bağışlayın məni, o hökm dövləti təhdid edən, cinayətə haqq qazandıran analar barədə deyil. Valideynlərin hər bir halda övladının yanında olmaq arsusunu, iradəsini anlamaq mümkündür. Amma onların hüquq və qanundan ciddi anlayışsızlıqları var. Bəlkə doğrudan da elə bilirlər ki, meydanda olmaq cinayət deyil. Amma baxır hansı meydanda və hansı halda. 1995-ci ilin martında Xüsusi Təyinatlı Dəstənin zərəsizləşdirilməsi zamanında da fərd olaraq qətldə iştirak edənlərin sayı çox deyildi. Amma həbs edilənlərin sayı dəfələrlə artıq oldu. 1993-cü ildə Əlikram Hümbətov separatizmilə döyüşdə də dəstə üzvləri həbs edildilər və uzun müddətə azadlıqdan məhrum edildilər. Bu gün də qanun eyni qiyafədə və kəsərdədir. Bəli, polis zabitlərini bir nəfər qətlə yetirib. Amma onun tərəfdarları, əlbirləri, işbirləri, qaçıb aradan çıxmasına kömək edənləri çox olublar. Həbs olunmuşlar, hökm oxunmuşlar isə futbol oyununda oturacaq sındırıb meydana petart atdıqlarına görə məsuliyyətə cəlb edilməyiblər. Onlar dövlətə terror edən birinin çağırışına tabe olub, onunla birlikdə fəaliyyət göstəriblər. Hörmətli tamaşaçılar, siz Rəşad Böyükkişiyevi tanıyırsızmı? Onun çıxışlarını eşitmisizmi? Əli Kərimli başda olmaqla qaragüruhla məsələ aydındır. Onlar cinayətə cəlb edilmiş gəncləri öz bufer zonaları statusunda qoruyurlar. Ona görə qoruyurlar ki, 2018-ci ilin iyul terrorunda, həmin hadisələr zamanı özləri də onlarla birlikdə olublar. Onlara təbliğati dəstək veriblər. Əli Kərimli də, Sevinc Osmanqızı da, Qənimət Zahid... və başqaları da. Antidövlət mövqe tutan bu insanların geriyə olu yoxdur. Onlar əslində özlərini müdafiə edirlər. Amma siz, şəxsən siz, hər biriniz Rəşadın çıxışlarından xəbərdarsızmı? Bu adamın manyakal müraciətlərini eşitmisizmi? Bu standart terrorist müraciətidir, mənim əzizlərim! Çoxdan idi ki, müəyyən səbəblərdən bu müraciəti göstərmək istəmirdim. Amma bir neçə gün əvvəl iyul terroruyla bu və ya digər dərəcədə bağlılığı olan gənclərdən birinin valideyninin çıxışına qulaq asdım və başa düşdüm ki, qadın doğrudan deyəsən cinayətin mahiyyətini, miqyasını anlamır. İndi sizə çox qısa bir parça göstərəcəm. Bu həmin o Rəşaddır. Əli Kərimli güruhunun tez-tez az qala siyasi idol, Məhəmməd Əmin Rəsulzadənin işıqlı kölgəsi kimi təqdim etdiyi Böyükkişiyev Rəşad. Müraciətdən çox qısa bir fraqmentdir. Diqqətlə baxaq və başa düşək ki, həmin gənclər kimin yanında olub o günlər. Kimin gizlənməsinə qaçıb aradan çıxmasına kömək edib. Bu adamın intonasiyasından anlayacaqsız ki, dövlətə necə nifrət edir. Ağalarının əmrini yerinə yetirmək üçün necə amadədir. Soyuqqanlı baxmağa çalışaq. Obyektiv olmağa çalışaq:
Bir də təqdim edirəm. Rəşad Böyükkişiyev. Terrorçu. Bu müraciəti o Gəncə İcra Hakimiyyəti qarşısındakı aksiyaya getməzdən əvvəl edib və polis zabitlərini qətlə yetirib.
Və bu müraciətdən sonra o niyyətini həyata keçirir. Sonrasını necə, bilirsiz? Yox yəqin ki, istintaq sirri ola bildiyindən bəzi mətləbləri açmıram. Amma məndə olan bəzi yazışmaları oxuyacam. Buyurun. Tanış olun. Rəşad Böyükkişiyev artıq öz mənhus niyyətini həyata keçirib. İki polis zabitini qətlə yetirib. Birini isə ağır yaralayıb. Baxın adam təəssüratlarını necə bölüşür:
10 iyul 2018-ci il:
“Sən niyə gəlirsən ki, sənin başına dönüm? Onun yeri hardadı, neçə dənə itləri vurmuşam mən. Mənə bir dənə onun yerini deginən, onu götürüm, o mənə lazımdı!” “Mehribangilə də deginən. Vaqifgil zad da yığışsınlar getsinlər kəndə hamısı. Denən yığışsınlar getsinlər, kənddə qalsınlar bir iki üç gün”
“Hə neçə dənə itlərə soxdum ə. Bərk soxdume öz də desəm. Öldürdüm e.” Onun yazışdığı şəxsin cavabı belədir:
“Ə, bilirəm Həci! Qııraxdan çəkib quyubdu yutub-a. Tam düşmürsünüz, amma qıraxdan düşürsünüz. O qara paltarda olan sən döyülsən ki ə, böyürdən xançal çıxardır, şappaşap soxur”
Rəşad:
“Hə... uje youtuba qoyublar?
Cavab:
“Hə youtuba qoyublar Həci. Xəncəl böyürdən çıxanda hamısı da düşübdü, prosto yaxşı ki kürəyin kameraya düşübdü. Üzün düşməyib kameraya. Ə görüblər səni uşaqlar. O Xəyaldı zad, hamısı görüblər. Əligilnən danışıblar. Əli də deyib ə, bilmirəm, o buralarda yoxdur!”
Məqsədim bütün səs yazılarının stenoqramını çatdırmaq deyil. Sadəcə onu demək istəyirəm ki, bu səs yazıları mütəşəkkil bir cinayət əməlinin həyata keçirildiyini tam sübuta yetirir. Və... hörmətli məhkum, məhbus valideynləri üçün nə qədər ağır olsa da deyim ki, səs yazıları arasında, yəni Rəşada cavab verənlər arasında onların məsum hesab etdiyi bəzi balaların da səsi var. Ona görə də xahiş etmək istərdim ki, özlərini soyuqqanlı olmağa vadar etsinlər. Uzun müddət gözləməyə hazırlaşsınlar. Heç kəsi təhqir etmədən, lənətləmədən. Sakitləşmək, doğmalarının həbsxanada islah olunmasına yardım etmək haqqında düşünsünlər. Elə etmək lazımdır ki, bu uşaqlar həbsdən çıxandan sonra Fuad Qəhrəmanlı sindromu yaşamasınlar, gedib evdə yaxınlarının dizlərini, barmaqlarını sındırmasınlar.
Hörmətli tamaşaçılar, məhkum valideynlərinin ifrat aqressiyası, yersiz çıxışları ona gətirib çıxardı ki, iyul terrorunun qurbanlarının ailələri də gözləmə mövqeyindən çıxdılar. Bu həftə onlar ilk dəfə olaraq Dövlətdən tələb etdilər ki, şəhid polis zabitlərinin qanının yerdə qalmasına imkan verməsinlər. Haqlıdırlar. Çünki həbsxanaya düşənlər bir müddət sonra azadlığa çıxacaqlar və ailələrinin içinə qayıdacaqlar. Amma onların dövlət yolunda canını fəda edən həyat yoldaşları, ata və qardaşları buir daha dönməyəcək. Şəhid polis ailələrinin müraciəti yayılan kimi xüsusi müxbirimizi Gəncəyə ezam etdik.
Neçə vaxtdır ki, bu və başsız qalmış o biri ailə dözür. Hövsələsinə, səbrinə, abır-həyasına qısılıb dözür. Amma iyul terroruna ictimai çıxışlarla dəstək verən gənclərin valideynləri bəlkə elə anlayırlar ki, polislər öldürülməliydi. Əks təqdirdə günahkarların cəzalandırılmasını elə ilk olaraq onlar tələb etməliydilər. Axı məntiq də diqtə edir ki, sən balanı həbsə salanlara cəza istəyəsən. Aydın məsələdir ki, polis zabitlərinin qatili burada bir, ya iki adam deyil. Qılıncı Rəşad qaldırsa da qatil həm də qara güruhdur. Ona görə də söhbət bir, ya iki nəfəri cəzalandırmaqdan yox, güruhu cəzalandırmaqdan getməlidir. Həm də cəza yalnız həmin hərəkəti edənləri yox, gələcəkdə belə yanlış addımları planlaşdıranları çəkindirmək məqsədi güdürr. Ola bilər ki hissə qapılıram. Prosesin içindən heç cür çıxa bilmədiyim üçün belə düşünürəm. Amma bu günlərdə Bakıda yol polisini təhqir edən adi sürücü belə məndə elə təəssürat yaradır ki, onun əməli asayiş keşikçisini qəsdən gözdən salmaq məqsədi güdür və Gəncədə polisə əl qaldıranlarla az qala eyni daxili vəziyyəti daşıyır. Buna görə də polisdən daha sərt, daha güzəştsiz, qanunun ən amansız formatında davranış tələb etmək istəyirəm. Buna görə də həmin polis əməkdaşının ərizə yazıb təqaüdə getməsini həm də özünəməxsus jest hesab edirəm. Əks təqdirdə də qovulmalıdır. Bilirsiz niyə? Paqonlarını hansısa xəstə sürücüyə qapazaltı verdiyinə görə. Biz çox həssas bir dövrdə yaşayırıq. Dövlətin taleyinin hər bir vətəndaşla indiki qədər bağlı olduğu bir vaxt yadıma gəlmir. Bəzən sadəcə maraqlı görünmək naminə dövləti risk altına qoyduğumuzun fərqində olmuruq. Elə şeylər var ki, bəlkə də xırdalıqdır və burada adi məntiqlə belə opponenti alt-üst etmək olur.
Məsələn, qaragüruhbaşı Kərimli prezidentin köməkçisi Əli Həsənovun təhsil ilinin başlanması ilə bağlı təbrik mətnində guya səhv tapır.
Əli Həsənov yazır: “Ümid edirəm ki, bugünkü şagirdlərimizin içərisindən gələcəyin əsl alim və ziyalıları, görkəmli ictimai fəallar, siyasət adamları və mədəniyyət xadimləri, kreativ və təşəbbüskar idarəçilər, işğal altındakı torpaqlarımızın son qarışınadək azad etmək qüdrətində və bacarığında olan igid zabit və əsgərlər, nəhayət, milli iradəli əsl Azərbaycan vətəndaşları yetişəcəkdir”.
Güruhbaşı öz aləmində Dövlət rəsmisini onda ittiham etməyə cəhd göstərir ki, guya Əli Həsənov dolayısı ilə Qarabağ problemin həllini daha 10-15 il sonraya atır və s. Amma adam unudur ki, dövlət doktrinasına görə Azərbaycanın işğal altında olan ərazilərinin hüdudları Qarabağla və ətraf rayonlarla kifayətlənmir, daha böyük bir ərazini əhatə edir. Yəni söhbət bir yox, bir neçə nəsilin də azad etmək borcu ola biləcək qədər ərazilərdən gedir. Dediyim budur ki, burada hiss olunur ki güruhbaşı piyadadır və onun məntiqi tez tərksilah olur, həm də lamisənin hüdudları içəridir. Əli Kərimlinin icrasında.
Amma tutaq ki, Zakir Həsənovun müsahibəsində Müdafiə naziri 2018-ci ilin aprel döyüşlərini xatırladırsa və deyirsə ki, qarşı tərəf qaçdı yiyələrinin yanına, ki qoymayın bizi öldürdülər, o zaman söhbətin Ermənistan ordusunun rəhbərliyindən, Ali Baş komandanından getdiyi aydın ola-ola kələfin ucunu şimala sarımağa cəhd etmək rus dilində risk ola bilir və bax bu zaman diqqətli olmaq lazımdır, əziz həmkarlar.
Mənimlə oynamağı məsləhət görmürəm. Müsahibəni mən götürmüşəm və əgər nəyisə, kimisə qabartmıramsa deməli buna ehtiyac yoxdur, mənim əziz həmkarlarım! Yaxşısı budur ki, Azərbaycandan kənarda oturub Azərbaycana diş qıcıyan, dövlətin ali çinlilərini ən murdar şəkildə təhqirlərə, həqarətlərə məruz qoyanlarla mübarizədə REAL-a istinad edin. Sizin köməyə burada ehtiyac var. Bu baxımdan biz Azərbaycanın bütün saytlarından, internet tv-ləri də daxil olmaqla bütün kütləvi informasiya vasitələrinin rəhbərlərindən sosial şəbəkələrdə ünvanlı, nöqtəvi dəstək gözəyirik. Zakir Həsənovun kontekstdən çıxarılaraq acıqlı virtual ikiayaqlılıarın ağzına yağlı tikə kimi atılan müsahibə parçasını rahat buraxaq, ok? Qaragüruhla, söyüş və təhqir sürülərilə SOSİAL ŞƏBƏKƏLƏRDƏ MÜCADİLƏ AÇMAQ LAZIMDIR. Bundan artıq açıq danışmaq niyyətində deyiləm. Çünki şərhlər yenə də atın ağzını daşlığa sala bilər və mənim də bu cıdırda çapar olma niyyətim yoxdur. Unudulmamalıdır ki, bir zamanlar şayiələri helikopterlərdən, vertolyotlardan səpirdilər ki, çaxnaşma yaysınlar. İndi bunu etmək on min dəfələrdən də asandır. Bir noutbook kifayətdir. Şayiələrin tirajlanması, səpələnməsi hazırdır. Buna görə də hər kəsdən diqqətli və vətəndaş olmağı xahiş edərdik. Azərbaycan vətəndaşlarına Danimarka televiziyasının tərcüməsini sonra verərik. Hələlik isə gəlin düşünək.Prezident bizi aparır qoyur Fleym Touers-in başına, biz isə qaçıb dayanırıq gecəqonduda. Niyə? Sonda. Bilirsiz ağlıma nə, daha doğrusu kim gəlir? Azərbaycanda özünü siyasi məhbus adlandıranların fonunda, “balam günahkar deyil, onu mənə qaytarın!” deyə terror aksiyasında müxtəlif dərəcələrdə iştirak edən balalarını yuyub yarpız ya dəstəmaz ləyəni üzərinə qoyanların fonunda öz sevgi dustaqlığını sakit sakit çəkən bir qadın. Fədayə Laçın. İyul terrorunda iştirak edən, miqyasın fərqi yoxdur, bəziləri məhkəmə zalından azad edilib. Onlara xəyanəti bağışladıq. Dövlət olaraq. Fədayə Laçına da bəlkə sədaqətini bağışlayaq. Bu qaragüruhun diz, barmaq qıran liderlərinə bir dərs olardı. Salamat qalın. Qadına qarşı kişiliyin dövlət örnəyi olardı.
KARUSEL / GÜNDƏM / SİYASƏT / SOSİAL / REDAKTOR SEÇİMİ
Tarix: 23-09-2019, 01:05