SON DƏQİQƏ! Prezident Azərbaycan vətəndaşlarına müraciət etdi
"Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər".
REPORTYOR.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Prezident deyib:
"Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun.
Bu bədbəxt hadisələr bir daha onu göstərir ki, mənfur düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda, hər tərəfi minalayıb. Təkcə təmas xəttinə yaxın olan əraziləri yox, şəhərləri, yolları, önəmli strateji yüksəklikləri minalayıb və bizdə mina sahələrinin xəritələri yoxdur. Ona görə, bizim istehkamçıların üzərinə çox böyük vəzifə düşür. Onlar bu vəzifəni elə icra etməlidirlər ki, azad olunmuş torpaqları tamamilə minalardan təmizləyə bilsinlər", - Prezident bildirib.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 4-02-2021, 14:33