“Gel dırnaqlar”ın gətirdiyi ölümcül təhlükə
Son illər qadınlar arasında dəbdə olan gel-dırnaq boyası sən demə, özü ilə böyük təhlükə gətirə bilər. Belə ki, dırnaqlara vurulan geli qurutmaq üçün istifadə olunan UV lampaları DNT-yə zərər verir və dəri xərçəngində baş verən mutasiyalara səbəb olur.
Bunu Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər.
Ultrabənövşəyi radiasiyanın dəri hüceyrələrinə təsiri uzun müddətdir öyrənilir. Lakin hələ heç kim ultrabənövşəyi lampaların təhlükələri barədə düşünməyib. İndi məlum olur ki, bu cihazların cəmi 20 dəqiqəlik seansda istifadəsi keratinositlərin 20-30 faizinin məhvinə səbəb olur. Üç ardıcıl belə seansda isə bu göstərici 65-70 faizə yüksəlir.
Ultrabənövşəyi şüalara məruz qalma həmçinin, qalan hüceyrələrdə mitoxondriya və DNT-nin zədələnməsinə və insan dəri xərçənglərində müşahidə oluna bilən mutasiyalara səbəb olur.
“Biz bir neçə şey gördük – birincisi, DNT zədələnir. Həmçinin bəzi DNT zədələri zamanla bərpa olunmur və bu, UV lampaları ilə hər dırnaq qurudulmasından sonra mutasiyalara səbəb olur. Nəhayət, biz məruz qalmanın mitoxondrial disfunksiyaya səbəb ola biləcəyini və bunun da əlavə mutasiyalara gətirə biləcəyini gördük”, – tədqiqatçılar deyirlər.
Onlar eyni zamanda xəbərdarlıq edirlər ki, nəticələr məlum lampaların təkrar istifadəsinin insan hüceyrələrinə zərərli təsirini göstərsə də, dəri xərçəngi riski ilə bağlı qəti fikir bildirmək üçün uzunmüddətli araşdırmalara ehtiyac var.
MARAQLI / KARUSEL
Tarix: 19-01-2023, 18:41