“Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi”
Latviyanın Azərbaycandakı səfirliyi BMT-nin ölkəmizdəki nümayəndəliyi və Norveçin Türkiyədəki səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində “Qız Qalası. Qadın olmaq” layihəsinin davamı olaraq gender bərabərliyi üzrə “O” beynəlxalq müasir incəsənət layihəsi təşkil edir.
Layihə çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində yazıçı İsmayıl İman və rejissor Tərlan Rəsulovun birgə yaradıcılığı ilə “Bir damla günəş, bir nəfəs külək və bir az da sevgi” adlı tamaşa təqdim olunub.
Tamaşadan əvvəl Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Latviyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa, BMT-nin Rezident Əlaqələndirici Ofisinin Əlaqələndirmə üzrə Müşaviri Şəmsiyyə Mustafayeva və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov layihə və tamaşa barədə danışaraq bunun cəmiyyətə xeyirli töhfə verə biləcəyindən söz açıb. Çıxış edənlər vurğulayıb ki, tamaşanın əsas mövzusu gender bərabərliyi və selektiv abortlara aiddir. Səhnə əsəri üç qəhrəman olan yeniyetmə qızın, gənc qızın və gənc qadının monoloqları üzərində qurulub. Detalları uyğunlaşdıraraq, izləyici bu insanların müxtəlif yaşlarda eyni qəhrəman olduğunu təxmin edir.
Qeyd edilib ki, bu il layihənin əsas mövzusu dayanıqlı gələcək üçün qadınların rolunu vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik haqqında 1325 saylı Qətnaməsinə həsr olunub. Layihənin əsas aparıcı tərəfdaşı Latviya səfirliyidir.
Sonra tamaşa nümayiş olunub.
MƏDƏNİYYƏT