mobil versiya

"Yuxusuzluğun müalicəsində əvvəlcə bunun səbəbini araşdırmaq lazımdır" - həkim-terapevt





Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Nahid Məhərrəmov Səhiyyə Nazirliyinin saytına yuxu, onun əhəmiyyəti, fəsadları və qarşısının alınması yolları barədə müsahibə verib.

- Nahid müəllim, ilk öncə bilmək istərdik ki, yuxu insan orqanizminin normal fəaliyyəti üçün nə qədər vacibdir?
- Yuxu ətraf mühitə reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Tibbin və neyrobiologiyanın yuxunun tədqiqatına və müalicəsinə baxan sahəsi Somnologiya adlanır. İnsan ömrünün 1/3 hissəsi yuxuda keçir. Yuxu zamanı orqanizm enerjini bərpa edir və immuniteti artırır.
Normal yuxu aldıqdan sonra özümüzü gümrah və enerji dolu hiss edirik. Kifayət qədər yuxu almayanlar isə gün ərzində özlərini yorğun və halsız hiss edir, diqqəti cəmləməkdə çətinlik çəkirlər. Yuxu zamanı immunitet sistemimiz orqanizm üçün çox faydalı olan müəyyən zülallar ifraz edir. Əgər nizamlı və keyfiyyətli yuxu almasaq, bu zülallar yetərli qədər olmaz.
Gündüz yatmağın faydaları gecə yatmağı əvəz etmir. Gecə vaxtı insan orqanizmi yuxu hormonu deyilən melatonin hormonunu ifraz edir. Melatonin yalnız tam qaranlıqda və çox qısa müddətdə - 23.00-dan 01:00-a qədər ifraz olunur. Bu hormon orqanizmdə hüceyrələrin yenilənməsini, bioloji saatı, yuxu ritminin və bədən istiliyinin tənzimlənməsini, immun sisteminin yüksəlməsini təmin edir.
- Bəs yuxusuzluq hansı fəsadlara səbəb ola bilər?
- Yuxusuzluq zamanı insanlar yuxuya gedə bilmir və ya dərin yuxu yata bilmir. Şikayətləri adətən qısa zamanda yuxuya gedə bilməmək, yata bilsələr belə tez-tez oyanmaq və yuxunu davam edə bilmirlər. Bir həftəyə qədər davam edən yuxusuzluq kəskin və ya keçici, bir həftə ilə üç aya qədər - yarımkəskin, üç aydan artıq davam edərsə, xronik yuxusuzluq adlanır. Yuxusuzluq xəstəliyi olan insanlar oyandıqdan sonra özlərini yorğun hiss edirlər. Yuxusuzluq təkcə enerji səviyyənizi və əhvalınızı deyil, həm də sağlamlığınızı və həyat keyfiyyətinizi azalda bilər.
Mütəxəssislər gecə 7-8 saat yatmağı məsləhət görürlər. Əksər insanlar həyatının bir dönəmində günlərlə davam edən qısa müddətli yuxusuzluq yaşaya bilərlər. Bu vəziyyət adətən stress, kəskin xəstəlik, yuxu rejiminin dəyişməsi zamanı baş verir. Normal yuxunun bərpasından sonra keçici yuxusuzluq orqanizmdə neqativ izlər qoymur.
Xroniki yuxusuzluq yaşayan insanların orqanizmlərində xroniki ağrı, diabet, ürək-damar, astma, qastroezofageal reflüks, hipertiroidizm, depressiya, Parkinson və Altsheymer xəstəliyinin xəbərçisi ola bilərlər.


- Doktor, yuxusuzluğa nə səbəb olur?
- Yuxu insan orqanizmində bir çox sistemləri əhatə edən mürəkkəb fizioloji prosesdir. Yuxusuzluğun səbəbləri müxtəlif ola bilər. Ən çox təsir edən psixoloji amillər (narahatlıq, stress), endokrin səbəblər (hipertiroidizm, klimakterik), kofeinli içkilər, narkotik maddələr, alkoqollu içkilər, sosial amillər və s.
Yuxunun kifayət qədər olmaması insan orqanizminin infeksiyalara qarşı həssaslığının nəticəsi ola bilər. Orqanizmi patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sistemimizin düzgün istirahətə ehtiyacı var.
İnsan orqanizmini patogenlərdən effektiv və davamlı şəkildə qorumaq üçün immunitet sistemimizin də rahat və dolğun yuxuya ehtiyacı var. Yuxusuzluq, həmçinin immun sisteminin əhəmiyyətli dərəcədə zəifləməsinə səbəb olur, insan orqanizmini həssas edir və müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaradır.
Yetərsiz yuxu artıq çəki, piylənmə və diabet riskini artırır. İnsulin hormonu qanda şəkərin normada qalmasına xidmət edir. Ancaq yuxusuzluq bu prosesi pozur. Gecə 4-5 saat yatan insanların əksəriyyətində insulin müqavimətinin artması müşahidə olunur. Nəticədə isə 2-ci tip diabet əmələ gələ bilər, və digər hormonların da ritmi pozulur.
Hər gecə sadəcə 1-2 saat daha az yatmaq ürək döyüntülərinin sayını və qan təzyiqini artırır. Çünki sinir sistemimizin bir qismi yuxu əksikliyinə başqa cür təsir edir. Bu zaman qanda stress hormonu deyilən kortizol artır. Bir müddət sonra damar sərtliyi, infarkt və insult riski arta bilər.
Sürətli olaraq pozulan və ya azalan yuxu, əsasən də dərin yuxu problemləri sinir sisteminin degenerativ xəstəliklərinə gətirib çıxarır. Dərin yuxu yaddaşa, konsentrasiyaya və qərar qəbul etmə proseslərinə birbaşa təsir göstərir, eyni zamanda gün ərzində alınan məlumatı qismən emal etməyə kömək edir. Bundan əlavə, insan orqanizmi əsasən yuxuda olduğu zaman yaraları bərpa edir, zərərli maddələri kənarlaşdırır və sağalma proseslərini başlayır.
Sağlam yuxu böyümə hormonu üçün də çox önəmlidir. Bu hormon sayəsində əzələ və sümük kütləsinin böyüməsi baş verir. Yuxu pozğunluqlarında, bütün bu proseslər nəzarətdən çıxır. Yetkinlik yaşına çatan insanlar üçün normal yuxu rejimi əvəzolunmazdır. Yuxu dərinin təravətli görünməsi və dəri hüceyrələrinin yenilənməsində xüsusi rol oynayır.
- Yuxusuzluğu necə aradan qaldırmaq olar?
- Yuxusuzluğun müalicəsində əvvəlcə bunun səbəbini araşdırmaq lazımdır. Yuxusuzluğun səbəbi hər hansı bir xəstəlikdirsə, o zaman diqqətinizi həmin xəstəliyin müalicəsinə yönəltməlisiniz. Bəzən xəstələr həkim tövsiyəsi olmadan müxtəlif yuxugətirici vasitələr istifadə edirlər. Bu cür yanaşmalar zamanla müxtəlif problemlərə gətirib çıxarır.
Yuxusuzluğu aradan qaldırmaq üçün yuxu və oyaqlıq balansının nizamlanması, aktiv həyat tərzi, təmiz havada gəzinti olduqca vacibdir. Həmçinin, son qida qəbulunun yatmazdan ən azı 3-4 saat əvvəl olması tövsiyə olunur.


SAĞLAMLIQ / KARUSEL
Tarix: 13-05-2024, 17:35