Tankları məhv edilən Ermənistan köhnə T-55-ləri təlimə çıxardı - FOTO
Ermənistan ordusu bu günlərdə keçirdiyi "irimiqyaslı təlimlərdə” köhnə və modernizə edilməmiş T-55 tanklarını poliqona çıxarıb. Virtualaz.org xəbər verir ki, bu detala "Vestnik Mordoviya” portalı Ermənistan Müdafiə Nazirliyinin yaydığı fotolara əsasən diqqəti cəlb edib. Təlimlərdə bir neçə T-72 tankı da görünüb.
Qeyd edək ki, Ermənistan ordusu özünün tank arsenalının böyük qismini 44 günlük Qarabağ müharibəsində itirib. Düşmənin 270-ə yaxın tankı Azərbaycan ordusu tərəfindən məhv edilib, 70-dən çox tank hərbi qənimət kimi götürülüb. Hazırda onların bir qismi Bakıda yaradılmaqda olan hərbi qənimətlər Muzeyində eksponata çevrilmək üzrədir.
Açıq mənbələrdə yer alan məlumatlara görə müharibəyə qədər Ermənistan ordusunun quru qoşunlarının silahlanmasında 320 döyüş tankı yer alırdı. Təxminən bir o qədər tank da işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilmişdi. Beləliklə, təxmini hesablamalara əsasən müharibədə Ermənistan öz tank arsenalının yarıdan çoxunu itirib. Üstəlik bu tankların böyük qismi əsas döyüş tankları olan T-72 tanklarıdır.
Müharibə ərzində Ermənistan ordusunun T-72 tanklarının kütləvi şəkildə məhv edilməsi düşməni məcbur etmişdi ki, döyüşə köhnə T-55 tanklarını çıxarsın. Bu barədə sosial şəbəkələrdə videogörüntülərə rast gəlinirdi. Doğrudur, Azərbaycan ordusunun arsenalında da T-55 tankları mövcuddur və onlar müharibədə istifadə edilib. Lakin bunlar modernizə edilmiş, müasir nişangahlarla təchiz edilmiş T-55 tanklarından gedir. Üstəlik onlar döyüşə atılmırdı və hərəkətdə olan artilleriya qurğusu kimi ikinci eşalonda istifadə olunurdu.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 26-03-2021, 11:33