“The Telegraph”: “Şuşa təkcə Azərbaycanın deyil, həm də dünyanın mədəniyyət paytaxtlarından olacaq”
Böyük Britaniyanın “The Telegraph” saytında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə mədəniyyət nümunələrini bərpa etməsi ilə bağlı məqalə dərc olunub.
REPORTYOR.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə 1990-cı illərin əvvəllərində Qarabağın ermənilərin nəzarətinə keçməsindən sonra dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün silahlı şəxslər tərəfindən hədəf kimi istifadə edildiyi bildirilib. Qeyd olunub ki, həmin büst azərbaycanlılar tərəfindən xilas edilib və uzun illər ərzində qorunub saxlanılıb. 2020-ci ilin sentyabrında başlayan hərbi əməliyyatların gedişində Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildikdən sonra Üzeyir Hacıbəylinin, həmçinin Xurşidbanu Natəvanın və Bülbülün illərdir Azərbaycan İncəsənət Muzeyində saxlanılan güllələnmiş büstləri öz yerlərinə qaytarılıb.
Məqalədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisinə istinadla bildirilib ki, bu abidələr Birinci Qarabağ müharibəsindən əvvəl Şuşada yerləşirdi, lakin ermənilər Azərbaycan mədəniyyətinə olan münasibətlərini göstərərək onları gülləbaran ediblər.
Müəllif vurğulayıb ki, ötən ilin sonlarında altı həftə davam edən müharibə zamanı Azərbaycan Ordusu erməni silahlı birləşmələrini darmadağın edib. Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalamağa məcbur olub. Azərbaycan Prezidenti İlham Əliyev yüz minlərlə məcburi köçkünü Azərbaycanın işğaldan azad edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərə qaytarmağı planlaşdırır. Prezident İlham Əliyev, eyni zamanda, işğaldan azad olunmuş Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.
“The Telegraph”ın müxbiri vurğulayır ki, Prezident İlham Əliyev ağır döyüşlərdən sonra azad olunan Şuşaya artıq bir neçə dəfə səfər edib və orada infrastruktur obyektlərinin açılışında iştirak edib. Azərbaycan Prezidenti, həmçinin on illər boyu erməni vəhşiliyinə məruz qalan Şuşanın turizm cənnətinə çevriləcəyini vəd edib. Bildirib ki, Şuşa təkcə Azərbaycanın və bölgənin deyil, həm də dünyanın mədəniyyət paytaxtlarından biri olacaq.
Məqalədə vurğulanıb ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Zəfər yolu tikilir, böyük yenidənqurma layihələri həyata keçirilir. İnfrastruktur layihələri çərçivəsində bölgədə bir neçə yeni elektrik stansiyası inşa edilib. Şuşada köhnə binaların sökülməsi, muzeylərin və mədəniyyət obyektlərinin bərpası işləri aparılır. Şuşa qalası təmir olunub, şəhərin mərkəzindəki erməni kilsəsində bərpa işləri davam edir.
Müəllif Azərbaycan rəsmilərinə istinadla bildirir ki, uzun illərdir doğma yurdlarından məcburi köçkün düşmüş Azərbaycan vətəndaşları bu ərazilərə qaytarılacaq, eyni zamanda, Qarabağ erməniləri də bu bölgədə yaşaya bilərlər.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-07-2021, 23:00