Son zamanlar gənclər arasında koronavirusa yoluxma niyə artır? - Professor cavab verir
“COVID-19-un “Delta” ştammının geniş yayılması son zamanlar gənclər arasında virusa yoluxmanın artmasında rol oynayır. “Delta” ştammı bədənə daxil olduqdan sonra sürətlə inkişaf edərək hüceyrələrə daxil olur və çoxalaraq xəstəliyin ağır şəkildə davam etməsinə gətirib çıxarır”.
REPORTYOR.AZ xəbər verir ki, bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.
Onun sözlərinə görə, COVID-19-un gənclər arasında geniş yayılmasının başlıca səbəblərindən biri bu qrupdan olan insanların vaksinasiya olunmamasıdır:
“Əgər vaksinasiya olunsaydılar, xəstəlik bu şəkildə yayıla bilməzdi”.
Professor həmçinin bildirib ki, gənclər arasında xəstəliyin yayılmasının başqa bir səbəbi də, onların klinik olaraq xəstəliyi daha yüngül şəkildə keçirmələridir.
Belə ki həmin şəxslər özlərini xəstə hiss etmirlər və həkimə müraciət etməkdən imtina edirlər:
“Nəzərə alsaq ki, yaşı 20-30 arasında olan xeyli gənc insan səhiyyə, qidalanma və ictimai nəqliyyat kimi əsas xidmət sahələrində çalışır, tez-tez restoranlar, məktəblər, uşaq bağçaları və pərakəndə mağazalar kimi məkanlarda olurlar. Bu halda koronavirusa yoluxma riski daha da yüksəlir”.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların 15 faizini 20-29 yaş arası insanlar təşkil edir, yoluxanların 22 faizi isə 30-39 yaş arası insanlardır. 10-19 yaş insanlar isə ümumi yoluxanların 6 faizini təşkil edir.
SON XƏBƏR / KARUSEL
Tarix: 27-08-2021, 15:22