Şeyxülislam Allahşükür Paşazadə daha bir nüfuzlu dinlərarası dialoq platformasının rəhbərliyində yer alıb

Dünya miqyasında yüksək nüfuza malik “Dinlər Sülh Naminə” Təşkilatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni təşkilatın həm-prezidenti və Ümumdünya Şurasına üzv seçib.
Bu barədə QMİ-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Şeyxülislam Allahşükür Paşazadənin KAİCİİD Dinlərarası və mədəniyyətlərarası Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasında, Müsəlman Ağsaqqallar Şurasında üzvlüyünün ardınca “Dinlər Sülh Naminə” Təşkilatının həm-prezidenti məqamına seçilməyi, heç şübhəsiz ki, dünyanın sivilizasiyalar və dinlərarası dialoq mərkəzi olaraq tanınan və qəbul edilən Azərbaycan dövlətinə verilən beynəlxalq dəyərin daha bir təzahürüdür.
«Dinlər Sülh Naminə» Təşkilatı dünyanın ən böyük beynəlxalq dinlərarası sülh məramlı qurumudur. 1970-ci ildə yaradılmış bu təşkilatda qəbul olunmuş qaydaya görə, quruma dünyanın müxtəlif ölkələrini, müxtəlif dinləri təmsil edən ən nüfuzlu din xadimləri rəhbərlik edirlər. Təşkilat 6 regional və müxtəlif ölkələrdə fəaliyyət göstərən 100-ə yaxın yerli Dinlərarası Şuraları ehtiva edir. Onlardan hər biri “həm-prezident” statusuna malikdir. Şeyxülislam A. Paşazadə təşkilatın Ümumdünya Şurasının 29 iyul 2025-ci il tarixdə İstanbulda keçirilən növbəti konfransında həm-prezident məqamına seçilib və bu barədə qurumun rəhbəri Qafqaz Müsəlmanları İdarəsinə müraciət məktubu ünvanlayıb.
«Dinlər Sülh Naminə» təşkilatı BMT-nin İqtisadi və Sosial Şurası – ECOSOC-da, YUNESKO-da, UNICEF-də məsləhətçi statusuna malikdir, BMT-nin Sivilizasiyalar Alyansı və KAİCİİD təşkilatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Təşkilatın icraçı orqanı olan Beynəlxalq Katiblik Nyu-Yorkda yerləşir. Hazırda təşkilatın Baş Katibi Keniya əsilli Dr. Frensis Kuriadır. O, həmçinin Afrika Dini Liderlər Şurasının baş katibi, Nüvə Silahlarının Qadağan edilməsi üzrə Beynəlxalq Kampaniyanın Beynəlxalq Rəhbər Qrupunun sədri, Nobel mükafatı laureatıdır.
Qeyd edək ki, «Dinlər Sülh Naminə» Təşkilatının həm-prezidenti Şeyxülislam Allahşükür Paşazadəyə şamil edilən səlahiyyətlərlə müqayisədə bütün ermənilərin Katolikos-patriarxı II Qaregin yalnız ictimai əsaslarla Təşkilatın fəxri prezidenti statusunu daşıyır və rəsmən səs hüququna malik deyildir.
«Dinlər Sülh Naminə» Təşkilatının hər 5-7 ildən bir Ümumdünya Assambleyası toplanır. Sonuncu tədbirdə dünyanın 125 ölkəsindən 900-ə yaxın dini lider, dini icmaların və dövlət qurumlarının nümayəndələri iştirak etmişdir. Təşkilatın növbəti 11-ci Ümumdünya Asambleyasının 2025-ci ilin sonunda Almaniyanın Lindau şəhərində keçirilməsi planlaşdırılır.
Böyük Zəfərdən sonra erməni lobbisi və erməni kilsəsinin ölkəmiz əleyhinə apardığı revanşıst təbliğatın gücləndiyi zamanda Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Qarabağda aparılan fövqəladə quruculuq işlərinin, milyonlarla köçkünə yeni həyat bəxş edən Böyük Qayıdışın müstəsna mahiyyətini açıqlamaq, mədəni-mənəvi irsimizin bərpasına yonələn misilsiz fəaliyyətlərdən bəhs etmək üçün “Dinlər Sülh Naminə” təşkilatının xitabət kürsüsü xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, “Dinlər Sülh Naminə” Təşkilatı Azərbaycanın multikulturalizm sahəsində örnək modeli və Bəhreyndə keçirilən İslamdaxili dialoq konfransında məzhəblərarası anlaşmanın Azərbaycan modeli kimi dünyaya təşviq edilən unikal təcrübəmizin geniş təbliği üçün daha bir sanballı beynəlxalq platforma olacaqdır.
Reportyor.az


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:51