Azərbaycanda minimum əməkhaqqı və pensiya neçə dəfə artırılıb?

Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü sosial dövlət konsepsiyanın əsasını təşkil edir. Bu yanaşma ölkənin əmək, məşğulluq və sosial müdafiə sahəsində əsas qanunların və proqramların, qəbul olunan bütün siyasi qərarların əsasını təşkil edir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Yüksək Vəzifəli Rəsmilərin İƏT Əmək Mərkəzinin Baş Assambleyasının 2-ci Sessiyasına Hazırlıq İclasında çıxışı zamanı deyib.
Nazir xatırladıb ki, son illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib və bu islahatlar 4 milyon vətəndaşı əhatə edib:
“Nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə artırılıb. Ölkə üzrə orta pensiyada 2,6 dəfə və orta əmək haqqında isə 2 dəfə artımlar müşahidə olunub. Sosial müavinətlərin və təqaüdlərin maliyyələşməsinə ayrılan vəsaitin həcmi isə 5 dəfə artırılıb.
Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edib və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb”.
A.Əliyev vurğulayıb ki, əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılması sahəsində Nazirliyin təqdim etdiyi 159 xidmətdən 140-dan çoxu tam elektronlaşdırılıb, onlardan 60 xidmət proaktiv təqdim olunur.
“Hazırda Nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir.
Dövlət sosial xidmətlərin şəffaf və operativ qaydada təqdim edilməsi məqsədilə yaradılmış “DOST” Mərkəzləri ölkənin yeni brendinə çevrilib. Bu mərkəzlərdə əhaliyə vahid platformadan 161 xidmət təqdim edilir və sevindirici haldır ki, həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,4 faizdir”, - deyə o qeyd edib. (trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:20