Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış edib - Tam Mətn

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Bir daha sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.
Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Şadam ki, o, mənim dəvətimi qəbul edib və bu gün bizimlə birlikdədir.
Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.

Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.

Bu gün danışıqlar zamanı biz, həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında danışdıq. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir.
Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.
Hörmətli cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.
x x x

Sonra İtaliya Prezidenti bəyanatla çıxış edib.
Prezident Sercio Mattarellanın bəyanatı
- Mən cənab Prezident İlham Əliyevə Azərbaycana yenidən səfər etmək üçün dəvətinə görə minnətdaram. Mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə də minnətdaram. Aramızda böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Çox sağ olun ki, Siz mənə yeddi il əvvəl etdiyim səfərimi bir daha xatırlatdınız. Bu da əslində, çox böyük rəmzi xarakter daşıdı və cənab Prezident, təşəkkür edirəm ki, bu dəfə də məni ölkənizə dəvət etdiniz, səfərə gəldim. Əlbəttə ki, biz sabah İtaliya-Azərbaycan Universitetinin tələbələr kampusunun açılışını edəcəyik. Bu da o deməkdir ki, bir tərəfdən İtaliya universitetləri, digər tərəfdən Azərbaycan universitetləri əməkdaşlıq edəcəklər.
Cənab Prezident mənə bildirdi ki, yeddi il öncə biz böyük bir sənaye obyektinin açılışında olduq. Onu da qeyd etdi ki, bunun çox böyük rəmzi əhəmiyyəti var. Bu, artıq bizim enerji, sənaye əməkdaşlığımızdan sabaha açılan yeni bir yol oldu və İtaliya ilə Azərbaycan artıq mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığa başladılar. Bu, əslində strateji tərəfdaşlığımızın və 10 il əvvəl imzalanmış sazişdə qeyd olunanların tam, səmərəli şəkildə həyata keçirilməsi deməkdir. Bu, bizim ölkələrimizin münasibətlərini inkişaf etdirir. Bu, nəinki sənaye və enerji sahələrində, həmçinin mədəniyyət sahəsində də əməkdaşlıqdan xəbər verir.
Cənab Prezident burada qeyd etdi ki, sabah açılışını edəcəyimiz universitetdə təhsil alacaq çoxsaylı tələbələr ölkələrimiz arasındakı dostluğu daha da gücləndirəcəklər. Əlbəttə ki, bu münasibətlərə gəldikdə, ölkələrimiz arasında əlaqələr çox yaxşıdır və gördüyünüz kimi, bir neçə tədbirləri təşkil edirik. İndi növbəti tədbirimiz də olacaq. Təbii ki, bunu biz çox yüksək dəyərləndiririk. Əməkdaşlığımız - Azərbaycanın bizə açıqlığı, bizimlə gördüyü işlər, işbirliyimiz göz qabağındadır.

Qeyd edim ki, sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət sahəsində, təhsil sahəsində mühüm bir gün olacaq və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik.
Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır. İtaliya bu dostluqdan, əməkdaşlıqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 21:28