Azərbaycanda Novruzdan əvvəl sərt karantin olacaq, bundan başqa... - ELAN EDİLDİ
“Hazırda koronavirusa yoluxmada artım müşahidə olunur. Virusa yoluxmada vəziyyət eyni olaraq qalarsa və xəstələnmə sayı artmaqda davam edərsə, böyük ehtimalla sərtləşdirmə tədbirlərinə gediləcək”.
AZSABAH.COM xəbər verir ki, bu sözləri Publika.az-a ölkəmizdə COVID-19-la bağlı son durumu dəyərləndirən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.
Ə.Rüstəmin sözlərinə görə, Novruz bayramından əvvəl karantin tədbirlərinin sərtləşdirilməsi gözlənilir: “Bu, qaçılmazdır və çox güman ki, sərt tədbirlər olacaq. Hazırkı durum bunu deməyə əsas verir, bundan başqa bir variant görmürəm. Sərtləşmə həm də hazırkı artım dinamikasına görə olacaq”.
Həkim bildirib ki, karantin qaydalarının sərtləşdirilməməsi üçün vaksinasiyaya cəlb olunan insanların sayını artırmaq lazımdır: “Əsas vaksinasiyadır, heç olmasa may ayına qədər əhalinin 1/3-nin koronavirus əleyhinə vaksin olunmasını təmin etmək lazımdır. Bu proses sürətləndirilməlidir. Yoluxma artarsa və dekabr ayındakı kimi nəticə olarsa, qaydalar mütləq gücləndirilməlidir. Bir sıra sərt tədbirlər görülə bilər. Nazirlər Kabineti yanında Operativ Qərargah bunu təyin edəcək. Ancaq hər halda nəqliyyatın dayandırılması, evdə qalmaq və digərləri ola bilər”.
Ə.Rüstəm yoluxmanın artmaması, karantin qaydalarının sərtləşdirilməməsi üçün insanların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib: “Vətəndaşlarımız məsuliyyətli olmalıdır. Bir qədər məsuliyyətsizlik oldu, ona görə də yoluxma artdı. Bununla yanaşı, ictimai nəqliyyatın da yoluxmanın artmasında böyük payı var. Avtobuslarda insan sıxlığı yaşanır. Hər halda, tövsiyəm hazırda karantin tədbirlərinin sərtləşdirilməsinə gedilməsidir. Çünki uyğun yol budur”.
BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 10-03-2021, 17:02