mobil versiya

"Anar müəllim dəvət edərsə, digər məkanların birində görüşüb söhbətləşə, müzakirə edə bilərik" - Emil Rasimoğlu



Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayında namizədliyini irəli sürəcəyini açıqlayan şair, Prezident təqaüdçüsü Emil Rasimoğlu müsahibə verib. O, müsahibəsində üzvü olduğu qurumdakı problemlərdən və rəqiblərindən danışıb.

Reportyor.az azmedia.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Emil bəy, nədənsə mənə elə gəlir ki, AYB-dəki qurultay məsələləri ilə bağlı susqunluq hökm sürür. Rəşad Məcidin, Elçin Hüseynbəylinin “gəlsinlər, namizədliklərini versinlər” açıqlamalarından sonra sanki “qurbağa gölünə daş atıldı”. Nə baş verir?

- Bilirsiniz, öncə onu deyim ki, əslində bizim namizədlik məsələmizi və bu istiqamətdə sərgilədiyimiz fikirləri elə ilk gündən problemə çevirən, hüquqlarımızı tanımaq istəməyib, dırnaqarası yanaşıb onları tapdalayacaq çıxışlar edən, xoşagəlməz müzakirələr açan, konstitutsionlu ölkədə hətta təhdidlər etməkdən belə çəkinməyən AYB rəhbərliyi oldu. Amma onlar bu səpkili münasibətlər bildirsə də biz bütün çıxışlarımızı sayğıya, hüquqa və fakta söykəyib etdik. Namizədliyini vermək, alternativ olmaq və arqumentli şəkildə tənqid etmək qanun pozuntusu deyil. Hal-hazırda susqunluğun yaranmasına gəldikdə isə bunun bir səbəbi var: AYB rəhbərliyi tərəfindən hüquqların tanınması. Yəni biz öz haqlarımızın müdafiəsinə qalxmağımızla onlara tanımaq istəmədikləri hüquqlarımızı tanıda bildik! Bu onların son çıxışlarından açıq-aydın göründü. Mən müstəqillik statuslu bir ölkədə yaşayıram, mənim öz hüquqlarım var və sənin də borcun birmənalı olaraq onu tanımaqdır!

- Deyirsiniz ki, hüquqlarımızı tanıdılar. Yaxşı, bəs bu ona əsas verirmi ki, qurultayöncəsi anlaşılmazlıqlar olmayacaq?

- Mən "hüquqlarımızı tanıdılar" deyərkən hazırkı vəziyyətdən gəldiyim qənaəti ortaya qoyuram. Təbii ki, qurultayöncəsi bizə qarşı neqativ hallar yenə təkrarlanacaqsa o zaman yenə hüquqi çərçivədə addımlar atacağıq.

- AYB-də hansı problemlər var ki, onlar sizin namizədliyinizi irəli sürməyə və hazırkı sədrə alternativ olmağa zəmin yaratdı?

- Digər açıqlamalarımda, müsahibələrimdə bu məsələyə dəfələrlə toxunmuşam. Sual vermisinizsə, qısa da olsa yenə fikir bildirim. Bu gün Azərbaycan Yazıçılar Birliyi büsbütün problemlərin içindədir. Baxın, bölmələr, sektorlar demək olar ki, hərəkətsiz vəziyyətdə. Regionlarla rabitə yox. Orqanlarda kollektiv əmək iflic durumda. İdarəçilik yeniliklərdən, dinamiklikdən uzaq.
 
- Orqanlardan danışdınız. Bəs, axı orqanlar hər ay vaxtı-vaxtında işıq üzü görür. Məsələn, "Azərbaycan" jurnalı, "Ulduz" jurnalı, "Ədəbiyyat qəzeti".

- Məsələ işıq üzü görməkdə deyil ki...Gəlin görək, adını çəkdiyiniz üç orqanda neçə vəzifə tutan şəxs var və hal-hazırda o mətbu orqanlar neçə nəfərin sayəsində işıq üzü görür. Məsələ, fəaliyyət olaraq kollektivin, idarəçiliyin yoxluğundadır. Yoxsa ki, vəzifə var, vəzifə sahibi var, əməkhaqqı var. Amma fəaliyyət yoxdu, iş yoxdu...Yazıçılar Birliyinin tabeçiliyində olan nəşrlər baş redaktorların və iki-üç işçinin sayəsində hazırlanıb çap olunur ki, bu da heç vaxt yüksək keyfiyyəti əks etdirə bilməz.

- AYB rəsmiləri iddia edirdilər ki, hər üç namizəd guya kimlərinsə - hansısa “görünməz qüvvənin” tapşırıqlarını yerinə yetirir. Bununla bağlı fikirlərinizi almaq istərdik.

- Fərq etməz AYB rəsmisi və ya yaxud digər hər hansısa bir şəxs olsun. O tərzdə kim düşünürsə həmin şəxs "görünməz qüvvə"lərin eləcə də tapşırıqla iş görməyin, iş gördürməyin nə olduğunu bilər, biz bilmərik. Bizim yolumuz aydınlıqdı...

- Son hadisələrdən sonra sizi müdafiə edənlərin sayında artım görürsünüzmü? Nələr dəyişdi?

- Mən müdafiə etmək deməzdim. Amma hüquqlarımızı tanıyanların sırası az da olsa artdı. Dəyişən isə AYB rəsmilərinin fikirləri oldu. Elə artım da bu zaman baş verdi.
 
- Bəzi gənc həmkarlarınız deyir ki, namizədliyinizi elan edəcəyinizi açıqlamaqla özünüzü gülünc vəziyyətinə qoydunuz. Bununla bağlı sosial şəbəkələrdə uzun disskusiyalar da getdi. Bu cür düşünən qələm dostlarınıza cavabınız nədir?

- Bilirsiniz, ümumiyyətlə bu məsələ müxtəlif dairələrdə müxtəlif səpkili müzakirələrə səbəb oldu. Hər kəs öz düşüncə boyu qədərində müzakirə etdi. Təbii ki, o müzakirələrin içində sizin vurğuladığınız ifadələrdən ibarət bəsit müzakirələr də oldu ki, buna heç o zaman da cavab vermədim, indi də cavab vermək istəmirəm. Çünki dediyim kimi bəsit müzakirələr, bəsit fikirlərdi...
 
- Şair Tural Turan əvvəlcə sizin namizədliyinizi dəstəkləyəcəyinizi bəyan etdi. Ardınca özü namizədliyini irəli sürdü. Bu haqda nə deyə bilərsiniz?

- Öncə onu deyim ki, bunlar normal və təqdirəlayiq haldı. Tural bəy, əvvəl bir ədəbiyyat adamı olaraq öz mövqeyini açıqladı, mənim addımıma münasibət bildirdi.O münasibətdə mənim namizəd olacağımı dəstəklədi, eləcə də AYB-nin yeniləşməsindən və vahid namizəd məsələlərindən danışdı. Sonrakı prosesdə isə öz namizədliyini verəcəyini bəyan etdi ki, bu da dediyim kimi çox normal bir haldı. Həm də onun buna haqqı çatır. Tək hüquqi baxımdan yox, yaradıcılıq baxımdan da. Çünki Tural Turan kifayət qədər istedadlı, potensialı olan yenilikçi şairdi, ziyalıdı...

- Yazıçı Anar sizinlə görüşüb söhbətləşmək, ittihamlarınızı sizin dilinizdən eşitmək istəsə və görüş təklif etsə gedəcəksinizmi?

- Bu məsələlərlə bağlı sədr olaraq nə Anarın, nə də rəhbərliyin digər nümayəndələrinin Yazıçılar Birliyinə dəvətini heç vaxt qəbul etmərəm. Amma bir yazıçı, ziyalı kimi Anar müəllim dəvət edərsə, digər məkanların birində görüşüb söhbətləşə, müzakirə edə bilərik.

KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 4-10-2019, 11:27