Mübariz İbrahimovu təhqir edən psixoloqun günahı sübuta yetirildi
Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təyin edilən ekspertizanın nəticəsi açıqlanıb.
REPORTYOR.AZ bizimyol.info-ya istinadən xəbər verir ki, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elçin İsmayılov psixoloq Nərmin Şahmarzadənin "Facebook"da Mübariz İbrahimov haqqında yazdığı fikirlərlə bağlı rəyini verib.
Həmin rəy həm Nərmin Şahmarzadənin özünə də göndərilib, Ş.İbrahimovanın nümayəndəsi və vəkili Ramil Rüstəmova da təqdim olunub.
"... öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu qəddarlıqdır" və "... Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman" cümlələri Mübariz İbrahimovun şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardır",- deyə rəydə yazılıb.
Oktyabrın 10-da məhkəmədə ekspertin rəyi müzakirə olunmalıydı, lakin N.Şahmarzadə məhkəmə prosesinə gəlmədiyinə görə mümkün olmayıb. Hakim bildirib ki, oktyabrın 21-də keçiriləcək növbəti məhkəməyə də gəlməsə, onun haqqında məcburi gətirilmə qərarı çıxarılacaq.
Milli Qəhrəmanın anasının vəkili Ramil Rüstəmov bildirib ki, ekspertiza rəyi obyektivdir: "Bu rəydən sonra onun cinayət məsuliyyətinə cəlb olunması labüddür. Çünki ortada rəy var ki, Milli Qəhrəman təhqir olunub".
Ş.İbrahimova N.Şahmarzadənin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb edilməsini - həbs olunmasını istəyir.
N.Şahmarzadə isə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs qismində ifadə verən psixoloq bildirib ki, o, ötən il dekabrın 5-də yazdığı statusda Mübariz İbrahimovu nə təhqir edib, nə də ona böhtan atıb.
Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub. Onun meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.
KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 10-10-2019, 20:24