“Balaca kişilər” tamaşasının premyera tarixi məlum olub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Balaca kişilər” tamaşasının məşqləri davam edir. Səhnə əsərinin premyerası mayın 27-nə planlaşdırılır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq sənət ocağının mətbuat xidmətindən bildirilib.
Məlumata görə, tamaşa mayın 28-də təkrar teatrsevərlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir. Əsərin ideyası “Balaca kişilər”in şücaətindən, onların müharibənin fonunda qəhrəmana çevrilə bilmə bacarıqlarından bəhs edir. Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı, həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir. Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Kərimov, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Rasim Cəfərov, Araz Pirimov, Bəhram Əliheydər, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, Nurlan Süleymanlı, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Anar Seyfullayev, Mirzəağa Mirzəyev rol alıb.
Qeyd edək ki, İlqar Fəhminin “Balaca kişilər” pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq münsiflər heyəti tərəfindən qalib elan olunub.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 28-04-2023, 11:40