Bakının küçələrində təmir və təmizlik işləri aparılacaq
Mayın 27-29-da Bakı şəhərində hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə bəzi küçə və prospektlərdə təmir işləri, tunellərin, yolötürücülərin təmizlənməsi və yuyulması işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bununla əlaqədar olaraq işlərin aparılacağı ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Təmir işlərinin isə Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov küçəsinə qədər), Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsğərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər), Bakı Dairəvi avtomobil yolu (Binə ticarət mərkəzindən Bakı şəhər DYP İdarəsinə qədər hissə-hissə) və Moskva prospektində (Tuneldən 20 Yanvar istiqamətində) aparılması nəzərdə tutulur.
Tunellərin və yolötürücülərin təmizlənməsi və yuyulması işləri Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr və Atatürk prospektlərində aparılacaq.
Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən küçə və prospektlərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş olunur.
KARUSEL / CƏMİYYƏT
Tarix: 26-05-2023, 13:43