Naxçıvanın tarixi memarlıq abidələrinin UNESCO-nun siyahısına salınması üçün iş aparılacaq
Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artırılması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması məqsədilə həmin abidələrin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılacaq.
Bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.
Dövlət Proqramında bildirilir ki, Naxçıvan Muxtar Respublikasının duz yataqları, mineral suları, tarixi və dini abidələrindən, ekoturizm üçün təbii əlverişli şəraitindən yararlanmaqla, regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş tədbirlər görüləcək. Sağlamlıq turizminin imkanlarının genişləndirilməsi, qış və kənd turizminin, ekoturizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, turizm və rekreasiya zonalarının yaradılması da regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcək, turizm sahələrinin təbliği ilə bağlı layihələrin həyata keçirilməsi və turizm atlasının hazırlanması təmin ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
KARUSEL / SİYASƏT
Tarix: 5-06-2023, 17:46