Füzulidə 30 ildən sonra ilk Bilik Günü
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Bilik Günü tədbiri keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Elm və təhsil Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildirib ki, 960 şagird yerlik, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından tikilərək, Füzuli sakinlərinə hədiyyə edilib.
2023-2024-cü tədris ilində sözügedən məktəbdə 160 şagirddən ibarət 11 sinif təşkil edilib və 15 müəllim burada tədris aparacaq.
Qeyd edək ki, Füzulidə 30 ildən sonra ilk tədris ilinin zəngi çalınıb.
Xatırladaq ki, 960 şagird yerlik ikimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur. Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 15-09-2023, 12:35