"Son beş ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsait 70 faiz artıb" - Sahil Babayev
Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərclərində 20 dəfədən çox artım baş verib. Minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə orta aylıq pensiya 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə artıb.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsində keçirilən “Heydər Əliyev-100: Müasir Azərbaycan–sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, pensiya üzrə ödənilən illik vəsaitlərin məbləği 30 dəfədən çox artaraq 5 milyard 907 milyon manata çatıb. Təkcə son bir ildə pensiyalar üzrə ödənişlərə ayrılan illik vəsait 1 milyard manata yaxın, son beş ildə isə 2,4 milyard manat – 70 faiz artıb.
Nazir qeyd edib ki, 2003-cü ildə orta aylıq pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumundan 2 dəfə aşağı idi. Hazırda bu məbləğ pensiyaçılar üçün yaşayış minimumunu 2,2 dəfə üstələyir. Yəni, bu dinamikanın özü belə Azərbaycanda atdığı addımların ən bariz təzahürüdür.
KARUSEL / SOSİAL
Tarix: 13-10-2023, 18:12