mobil versiya

XİN başçısı britaniyalı həmkarına bölgədə mövcud vəziyyət və reallıqlar barədə məlumat verib



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Dövlət katibinin Avropa məsələləri üzrə müavini Leo Dokertinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Böyük Britaniya ilə çoxşaxəli münasibətlərinə önəm verdiyini vurğulayaraq, iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə mövcud tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarına toxunub və siyasi dialoqun intensivləşdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu bildirib.
Bununla yanaşı, tərəflər iki ölkə arasında nəqliyyat, təhsil və bərpa olunan enerji sahələrində əməkdaşlıq, habelə Böyük Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətindəki mümkün fəaliyyəti barədə fikir mübadiləsi aparıb.
Nazir, həmçinin həmkarını bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, habelə Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, eyni zamanda, Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.
Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

KARUSEL / SİYASƏT
Tarix: 22-11-2023, 16:12