Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da ATƏT Nazirlər Şurasının Skopye şəhərində keçirilən 30-cu iclasında iştirakı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüş keçirib.
Görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və bu xüsusda, qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb.
Görüş zamanı iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün daha böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb və bu xüsusda, qarşılıqlı investisiyaların təşviqi və enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir Elmedin Konakoviç ölkəsinin Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini vurğulayıb və məmnuniyyətlə ölkəmizə səfər edəcəyini qeyd edib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
KARUSEL / SİYASƏT
Tarix: 30-11-2023, 17:49