mobil versiya

AFFA İntizam Komitəsi bu klubları cəzalandırıb



AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XVIII turunun matçlarında, eləcə də ölkə kubokunun 1/8 final oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Premyer Liqada “Səbail”lə ev görüşündə “Sumqayıt” komandasının azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə “gənclik şəhəri” təmsilçisi 800 manat cərimə edilib.
“Zirə” ilə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Qarabağ” isə 700 manat xərcə düşüb.
Azərbaycan Kubokunda “Sabah”la matçda 4 oyunçusu sarı vərəqə ilə cəzalandırılan “Kəpəz” 700 manat cərimələnib. Həmçinin “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə klub əlavə 500 manat ziyana düşüb.
“İrəvan” – “Araz-Naxçıvan” oyununa yanğınsöndürən avtomobil təyin edilmiş vaxtdan gec gəldiyinə görə meydan sahibləri 100 manat cərimə olunublar.
“Turan Tovuz”la oyunda 4 futbolçusu sarı vərəqə görən “Zirə” 700 manat cərimələnib. Eyni zamanda, “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə bölgə klubu 1500 manat cərimə edilib.
“Neftçi” – “Qaradağ Lökbatan” oyununda isə qonaq komandanın paltardəyişmə otağına dəymiş zərərin I Liqa təmsilçisi tərəfindən ödənilməsinə qərar verilib.

KARUSEL / İDMAN
Tarix: 28-12-2023, 13:29